Bu həftəsonu (9-10 oktyabr) Qazaxıstanın Türküstan şəhərində Musiqili Dram Teatrının yeni binasının açılışı olacaq. Yeni səhnədə ilk dəfə tanınmış yazıçı-dramaturq, Qazaxıstan Dövlət mükafatı laureatı Dulat İsabekovun “Börte” pyesi oynanılacaq. 

Çingizxanın baş hərəmi Börteyə həsr olunmuş əsərdə hadisələr böyük sərkərdənin nəhəng imperiyanı idarə etdiyi dövrdə baş verir. Əsər müdrik və gözəl, cəsur və qorxmaz, həyatı faciələrlə dolu, böyük sərkərdənin həyatında mühüm rol oynamış qıpçaq qızı Börtenin taleyindən bəhs edir. 

Pyesə səhnə həlli vermək üçün İtaliyadan tanınmış teatr rejissoru Davide Livermor dəvət edilib. O, indiyədək “Astana Opera”da C.Puççininin “Turandot”, P.İ.Çaykovskinin “Yevgeni Onegin” operalarına maraqlı quruluş verib. “Börte” tamaşasının bədii rəhbəri Aynur Kopbasarova, elmi məsləhətçisi tarix elmləri namizədi Nurlan Atıqayev, rəssamları Janat Kokimbayev və Ayjan Abduayt, bəstəkarı Xamit Şanqaliyevdir.

Sanballı səhnə əsəri ilə pərdələrini açan teatrın direktoru və bədii rəhbəri Aynur Kopbasarovanın dediyinə görə, “Börte”nin ardınca teatr müasir texnologiya və kreativ həllər əsasında bir neçə yeni orijinal tamaşanı təqdim edəcək.

Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayevin xeyir-duası ilə yaradılmış Türküstan Musiqili Dram Teatrının binası şəhərin ən gözəl tikililərindəndir.

Dulat İsabekovun sözlərinə görə, “Börte” artıq rus və monqol dillərinə çevrilib, pyesin ingilis və fransız dillərinə tərcüməsi üzərində iş gedir. Odur ki, yaxın zamanlarda tarixi mövzuda pyesin beynəlxalq premyeraları barədə məlumat verməli olacağıq.

GÜLCAHAN