M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Xalqları İnstitutunda 29-cu “Dmitrievski oxuları” (“Дмитриевские чтения” – görkəmli rus tarixçisi Aleksey Afanasyeviç Dmitriyevskinin (1856–1929) xatirəsinə həsr olunan ənənəvi konfrans) beynəlxalq elmi konfrans keçirilib.

Konfransda Rusiyanın müxtəlif şəhərlərindən, eləcə də Qazaxıstan, Özbəkistan, Türkiyə və başqa ölkələrdən alimlərin türk xalqlarının dili və ədəbiyyatı barədə məruzələri dinlənilib.

Sankt-Peterburq şəhərindən yazıçı-türkoloq Şahnaz Kamal “Azərbaycan yazıçısı Elçin Hüseynbəylinin “On üçüncü həvari və 141-ci Don Juan” romanı” mövzusunda çıxış edib. Bu barədə məlumatı o, sosial şəbəkə səhifəsində paylaşıb.

Məruzəçiyə Elçin Hüseynbəylinin yaradıcılığı, romanın ruscaya tərcüməsi barədə suallar verilib.  Şahnaz Kamal Sankt-Peterburqdakı Mayakovski adına kitabxananın təşkil etdiyi “Oxuyan Peterburq. Ən yaxşı xarici yazıçını seçək” müsabiqəsi haqqında da məlumat verib. Bildirib ki, müsabiqəyə  “Əsəri rus dilinə tərcümə olunmuş yazıçı” nominasiyası üzrə E.Hüseynbəylinin “On üçüncü həvari və 141-ci Don Juan” əsəri də təqdim olunub. Qeyd edək ki, həmin müsabiqədə “Əsəri rus dilinə tərcümə olunmamış yazıçı” nominasiyasında Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı iştirak edir.