İnsan o vaxt xatırlanır ki, özündən sonra bir iz qoyub gedir. Nəbi Xəzri Azərbaycan ədəbiyyatında yüz illərlə yaşayacaq iz qoyub gedib. Fəlsəfi məzmunlu əsərləri ilə ədəbi aləmimizə özünəməxsus bir gözəllik bəxş edib...
   
    Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Abşeron rayonunun Xırdalan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində, sonra isə Sankt-Peterburq Dövlət Universiteti və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (Moskva) təhsil alıb. Yaradıcılığa erkən yaşından başlayır. İlk əsərləri ilə oxucuların diqqətini çəkir. Sonrakı illərdə “İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsirlər” (1985), “Ağ şimşəklər”(1986), “Torpaq, sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) adlı sanballı kitablar ortaya qoyur...
   Lirika onun yaradıcılığının məzmunu, poetik “məni” və mürəkkəb təlatümlü bir aləmidir. Onun lirikasını məhəbbətsiz təsəvvür etmək olmur. Çünki şairin tərənnüm etdiyi insan, hər şeydən əvvəl sevən insandır. Məhəbbət isə insanın ən ali, ülvi hissidir. Məhəbbətsiz insan isə daxilən boşdur. Onun lirik qəhrəmanının məhəbbəti sadəcə aşiq-məşuq məhəbbəti deyil, yüksək insani hisslərlə qidalanan bir məhəbbətdir. Yəni bu sevgi vətən məhəbbətinə, təbiət vurğunluğuna, ümumən humanizm ideyalarına söykənən, çevrilən hisslərdir.
   O, təbiəti təsvirdə çox həssas və bənzərsizdir. Yalçın qayalar, sıx ormanlar və digər təbiət mənzərələri şairin yaradıcılığında çox zaman məcazi mənada işlənib.
   
   Özün dağlar üstdə
   Dağlar sinəndə.
   Sonsuz dəniz sənə bir qətrə gəlsin!
   Yay günü zirvədən yerə enəndə
   Səndən duman ətri,
   Qar ətri gəlsin.
   
   O, daha çox təbiətin, daha doğrusu, təbiət gözəlliklərinin dili ilə danışır: sən gərək həmişə əsrin tələbləri səviyyəsində danışasan. Şeirindən zamanın ən uca ali fikirlərinin ətri gəlsin. Onun yaradıcılığında bəzən ən adi, ötəri hisslərlə də qarşılaşırsan. Bu da onu göstərir ki, şair üçün böyük-kiçik həyat hadisələri yoxdur. Çünki kiçik bir detal, müşahidə olunan müəyyən ani hadisə hansısa bir həqiqəti, fikri poeziya dilinə çevirə bilir. İnsanı məşğul edən problemlər baxımından Nəbi Xəzri lirikasının əhatə dairəsi çox genişdir. Çünki onun yaradıcılığında yeni insanın mənəviyyatı öz siyasi kəskinliyi və hərtərəfliliyi ilə seçilir...
   İdeya, fikir sənətin bütün növləri üçün xarakterikdir. Çünki fikirsiz sənət olmur. Lakin fikri, ideyanı necə, hansı şəkildə təqdim etmək də sənətkar üçün mühüm amildir. Məlumdur ki, şeirlə deyilən fikir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin özünü düşündürürsə, o, şeir deyildir. Ancaq Nəbi Xəzri bütün hiss və duyğuları ilə, onları bir-birindən ayırmadan dinləməyi bacaran sənətkar olub. Xəzərin təlatümlü sularında qərq olmuş balıqçıların fəlakətini təsvir edərkən yazır:
   
    O dindi suların hər nəğməsində,
    Xəzər - arzuları; dalğalar - sözü;
    O yatdı rahatca yer kürəsində -
    Dənizdə ürəyi, torpaqda sözü.
   
   Nəbi Xəzri poemalarında da lirikasının xüsusiyyətlərini davam etdirir. Adama elə gəlir ki, şairin həcmcə böyük lirik şeirini oxuyursan. Vaxtilə ədəbi ictimaiyyətin yüksək qiymət verdiyi “Günəşin bacısı” poeması bu baxımdan səciyyəvidir. Əsər sözün həqiqi mənasında lirik poemadır. Sevil Qazıyevanın əmək qələbələrinə, mənalı, amma faciəli həyatına həsr olunmuş şeir nümunəsidir. Poema əvvəldən axıra qədər heç bir maneyə rast gəlmədən şəlalə kimi çağlayır. Şairin fikirləri, hissləri ilə, kədər və sevincləri birləşərək bir dağ çayı kimi baş alıb gedir. Şair süni süjet qurmaq istəməyib. O, öz qəhrəmanını tərənnüm edir. Ancaq bu tərənnümdə ritorika və həyəcansız çağırış yoxdur. Bədii ümumiləşdirmə, vətəndaş həyəcanı və kədəri xalqının gələcəyinə ümidlə baxan vətənpərvər bir şairin inamı, təlaşı vardır. Şairin lirikasına məxsus humanizm, insana, onun ləyaqətinə inam, poemada da çox qüvvətli səslənir.
   
    Dünən doğulsaydı Həcər olardı,
    Bu gün Sevil kimi gəldi dünyaya.
    ...O yazdı yurdunda öz əlləri ilə
    İllərin təzə bir səhifəsini.
   
   Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçib. Bir şair olmaqla bərabər nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanıb. Yaradıcı əməyi yüksək qiymətləndirilib. Bir çox orden və medallara, dövlət mükafatlarına, Azərbaycan Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə “Şöhrər” və “İstiqlal“ ordenlərinə layiq görülüb. Görkəmli şair ömrünün müdrik çağında - 2007-ci il yanvarın 15-də vəfat edib.
   
   Savalan Fərəcov