Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən məktəbin məzunu – Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin anım günü və onun xatirəsinə həsr edilmiş kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsinə və şəhid Həmid Cəfərliyə həsr edilmiş videoçarxlar nümayiş olunub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini, polkovnik N.Mövlanov, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçıları, şəhidin döyüş yoldaşları çıxış ediblər. Həmid Cəfərlinin anası Zenfira xanım ailə üzvləri adından tədbirin təşkilatçılarına ürək sözlərini çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Həcər Hüseynova müəllifi olduğu “Şəhid kapitan Həmid Cəfərli” kitabından söz açıb.
Tədbir bədii hissə ilə davam edib. Aparıcılar Lalə Əlimuxtarova və Ayaz Məmmədov iştirakçıları salamlayaraq Vətən müharibəsinin hamımız üçün qəhrəmanlıq rəmzi və qürur mənbəyi olduğunu vurğulayıblar. Xalq artisti Mələkxanım Əyyubova, müğənnilər Rüfət Axundov, Elnur Məmmədov, Amil Həsənoğlu, rəqqasə Fatimə Fətəliyeva şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizə böyük hörmət hissi ilə hazırladıqları nömrələri təqdim ediblər.
Xatırladaq ki, cəsur kəşfiyyatçı Həmid Cəfərli C.Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. “Qüsursuz xidmətlərinə görə” 3-cü dərəcəli medal, Azərbaycan Silahlı Qüvvələrinin 95 və 100 illik yubiley medalları ilə təltif edilib.
Kapitan Həmid Cəfərli 2020-ci il 27 sentyabrdan başlayan Vətən müharibəsində ön xətdə döyüşə başlayıb, həmin gün azad olunan Cəbrayıl rayonunun Nüzgar kəndinə Azərbaycan bayrağını sancıb. Füzuli rayonunun bir neçə kənd və yüksəkliklərinin işğaldan azad edilməsində iştirak edib. Oktyabrın 5-də Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölkə başçısının müvafiq sərəncamları ilə kapitan Həmid Kərim oğlu Cəfərli ölümündən sonra “Vətən uğrunda” , “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bakı şəhərində II Şəhidlər xiyabanında uyuyan kapitan Həmid Cəfərlidən Vətənə 3 övladı – Cabbar və Hüseyn adlı oğlanları, Zeynəb adlı qızı yadigar qalıb.
Allah rəhmət eləsin.