İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Sürix şəhərində azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi nümayiş etdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, filmin nümayişindən öncə birliyin sədri Arzu Əliyeva-Bodmer çıxış edib, ekran əsərinin Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında çəkildiyini diqqətə çatdırıb. Bildirib ki, filmin dünya premyerası Çexiyanın Karlovı Varı Beynəlxalq Film Festivalında gerçəkləşib. Filmin Bazel şəhərində “Cinema Querfeld” festivalında nümayişi üçün alman dilində altyazısı “Azərbaycanın Dostları” Birliyinin təşəbbüsü ilə hazırlanıb.
Qeyd edək ki, “Azərbaycanın Dostları” Birliyi son illər müxtəlif filmlərimizi “Cinema Querfeld” festivalına təqdim edib.