Teatr səhnəsində onlarla obraza həyat versə də, tamaşaçıların yaddaşında o daha çox “Arşın mal alan” musiqili komediyasında Soltan bəy rolu ilə qalıb. Tanınmış aktyor, Əməkdar artist Ələkbər Hüseynzadə Azərbaycanın teatr və kinosunda öz yeri alan sənətkarlardandır.
Ələkbər Hüseyn oğlu Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakı şəhərində tanınmış zərgər ailəsində dünyaya göz açıb. Beş il mollaxanada oxuyub və fars dilini öyrənib. Sonra rus-tatar (Azərbaycan) məktəbində təhsilini davam etdirib. Hələ məktəbli ikən teatrla maraqlanır və özfəaliyyət dərnəklərinə yazılır. Şəhərin müxtəlif teatr truppalarına müraciət edir. Bəstəboy, gülərüz Ələkbəri ilk olaraq maraqlandıran səhnə müəllimi Səməd bəy Hacıəliyev olur. Məhz onun təşəbbüsü ilə Ələkbər teatra ayaq açır, komediya aktyoru kimi tanınmağa başlayır.
Gənc aktyor Ələkbər Hüseynzadəyə 1913-cü ildə Tağıyev teatrında tamaşaya hazırlanan “Arşın mal alan”da Soltan bəy rolu tapşırılır. İlk tamaşa çox uğurlu olur. “Arşın mal alan” bir ilin içərisində yalnız Bakının teatr səhnələrində 150 dəfədən çox oynanılır. Dövri mətbuat səhifələrində tamaşa haqqında geniş yazılar dərc edilir. “Sədayi-həqq” qəzeti 3 noyabr 1913-cü il tarixli nömrəsində yazıb: “Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası “Arşın mal alan” camaata çox xoş gəlib. Təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü, noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir”.
“Arşın mal alan” operettasının ekranlaşdırılması gündəmə gələndə aktyor seçimi vaxtı Soltan bəy roluna məhz Ələkbər Hüseynzadənin çəkilməsi məsləhət görülür.
Əməkdar incəsənət xadimi, tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə “Arşın mal alan” filminin ilk dəfə hələ 1916-cı ildə ekranlaşdırıldığını deyir. Onun sözlərinə görə, rejissor Boris Svetlov operettanın tamaşasına baxdıqdan sonra eyniadlı film çəkmək qərarına gəlib və səhnə əsərində rol alan aktyorların hamısını çəkilişə dəvət edib. Amma həmin film uğursuz alınmışdı və Üzeyir bəy də onu bəyənməmişdi. Bu əsərin ekran təcəssümü ilə əldə etdiyi gerçək uğuru 1945-ci ildə ekranlaşdırılan film oldu.
1945-ci ilin “Arşın mal alan”ı Rəşid Behbudov başda olmaqla, korifey sənətkarların iştirakı ilə ərsəyə gəlmişdi. Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat verib. “Arşın mal alan” keçmiş SSRİ və dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilib. Bu filmə görə rejissorlar Rza Təhmasib və Leşşenko, bəstəkar Üzeyir Hacıbəyli, aktyorlardan Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala) və Lütfəli Abdullayev (Vəli) 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görülüblər.
Ələkbər Hüseynzadə gənclik illərində “Nicat” cəmiyyətinin truppalarına da dəvət olunur. Burada dramatik rollarla yanaşı, musiqi əsərlərindən “Məşədi İbad”da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun “Ər və arvad”ında Kəblə Qubad rollarını oynayır. Eyni zamanda müxtəlif operalarda da çıxış edir. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrı yenidən formalaşır. Həmin vaxt teatrın truppasına Ələkbər Hüseynzadə də daxil edilir.
Yaradıcılığı əsasən realizmi, səmimiyyət və həyatilik ilə səciyyələnən aktyorun çoxsaylı rollarından Hacı Qara və Kərəməli (“Hacı Qara”, M.F.Axundzadə), Şeyx Nəsrullah və Hacı Həsən ağa (“Ölülər”, C.Məmmədquluzadə), Hacı Fərzəli (“Dursunəli və ballıbadı”, S.Qənizadə), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli (“Pəri cadu” və “Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad (“Dövləti-bisəmər”, İ.Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan (“Nadir şah”, N.Nərimanov), İsgəndər xan (“Ağa Kərim xan Ərdəbili”, N.Vəzirov) və s. göstərmək olar.
Ələkbər Hüseynzadə Bakıda Sultan Muradovun “Kəblə Xudu”, Əliağa Vahidin “Milli meyxana”, Baba Qubinskinin “Yeni kupletlər” oyun-məzhəkələrini tamaşaya hazırlayıb.
Əməyi dövlət tərəfindən qiymətləndirilən Ələkbər Hüseynzadə 1957-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Aktyorluq sənətinə ülvi tellərlə bağlanan, ona ömrünün sonuna kimi sadiq qalan sənətkar 4 noyabr 1967-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV