Polşanın Kaliş şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Nizami Gəncəvinin xatirəsinin də anıldığı “Azərbaycan notası – simfonik konsert” təşkil olunub.
Kaliş Filarmoniyasının simfonik orkestri və solist, tanınmış viola ifaçısı, Qdansk Musiqi Akademiyasının dosenti Kşıştof Timendorfun ifasında ilk dəfə dahi bəstəkarlarımız Fikrət Əmirovun “Nizami” və Qara Qarayevin “Yeddi gözəl” baletlərindən nümunələr səslənib. Konsertin proqramında həmçinin E.Bloxun “Hebru” süitası, P.Çaykovskinin “Andante cantabile” və 6-cı “Patetik” simfonik əsərləri yer alıb.
Konserti təşkilati məsələlərdə yaxından iştirak etmiş Kaliş şəhərinin vitse-meri Qjeqoj Kulavenik, tanınmış polyak dirijoru Pavel Kotla, polşalı musiqisevərlər və Polşada yaşayan həmvətənlərimiz izləyib.
Polyak musiqişünas Vitold Paproçki tədbiri açıq elan edərək səslənəcək musiqi parçaları barədə ətraflı məlumat verib.
Qjeqoj Kulavenik qonaqları salamlayaraq Polşada Azərbaycan musiqisinin səslənməsindən məmnunluğunu ifadə edib.
Daha sonra ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova tanınmış dirijor Ə.Quliyevin rəhbərliyi ilə Kaliş Filarmoniyası orkestrinin ifasında Azərbaycan musiqisinin səslənəcəyi gecənin iştirakçılarını salamlayıb, dəstəyə görə vitse-mer Q.Kulavenikə, dirijor P.Kotlaya təşəkkürünü bildirib. Səfir konsert proqramında bu il 880 illiyi qeyd edilən Azərbaycanın dahi şairi və mütəfəkkiri, dünya ədəbiyyatına böyük töhfələri ilə tanınan Nizami Gəncəvinin əsərlərinin motivlərinə əsaslanan musiqilərin də yer aldığını diqqətə çatdırıb.
N.Qurbanova 2022-ci ildə Azərbaycan-Polşa münasibətlərində üç yubileyin – iki ölkənin strateji tərəfdaşlığının əsasının qoyulmasının 5 illiyi, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən ilə Polşa kralı IV Kazimir Yaqellon arasında ilk tarixi yazışmanın 550-ci ildönümünün qeyd ediləcəyini bildirərək, bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini deyib. Diplomat hazırkı konsertin bu tədbirlərdən birincisi olduğunu qeyd edib.
Konsert proqramı sürəkli alqışlarla qarşılanıb.
Fasilə zamanı tədbir iştirakçıları Azərbaycanın milli şirniyyat və şərab nümunələrindən ibarət süfrəyə dəvət olunublar.