Qılıncla qələm qardaşdı, dahi sərkərdə ilə dahi ədib adaş...
   
   2000-ci ildə dünya Çingiz Xanı «Minilliyin adamı» elan etdi. Nə bilmək olar, bəlkə 3000-ci ilin başında Aytmatov Çingizi də «minilliyin ədibi» adlandıracaqlar?..
   
   Sənət kimi ölməz sənətkar
   Olum və ölüm...
   
   Şekspir öz dahiyanə xitabı ilə bir qədər gəzəri-güzarılaşdırsa da («Olum ya ölüm?!»), bunlar mütləqdir. Əsl dahilərin timsalında isə bunların birincisi mütləq, ikincisi nisbidir. Artıq çoxdan deyildyi kimi, «dahilər ölmürlər». Hətta ölüm - onları başqalarından bir az da fərqləndirib-seçkinləşdirən növbəti bir «əsər», yeni bir avtobioqrafik element, onlara bəslənilən ümummilli, ümumdünya sevgilərə əlavə olunan «şirin» bir kədər ədəvası kimi dəyərlənir.
   Maraqlıdır, o, bu dünyada hər şey haqda düşündü, danışdı, yazdı - öz ölüm «mövzu»sundan savayı...
   O, hər şey haqda elə düşündü, elə danışdı, elə yazdı ki, bəhs olunan o obyektlər, o subyektlər, predmetlər ya qeyri-adi sevgilərə, ya qeyri-adi nifrətlərə məruz qaldı. Olumlar, ölümlər haqda da çox danışıb, çox yazıb. Öz ölümü haqda yazmaq isə... təbii, mümkün iş deyil. Bəs mümkün olsaydı, necə yazardı, görəsən? «Ölüm sevinməsin qoy...» müstəvisindəmi, «Əbədiyə qəh-qəh çəkər - ədədi dünya!» fəlsəfəsindəmi, ya ona «Əsrə bərabər gün» kimi - real olduğu qədər də fantasmaqorik bir dünya pıçıldamış Adıgeyin «Oluma bərabər ölüm» folkloranə doktrinasındamı?..
   ...Hələ dünyasını dəyişməmiş oxucularından biri olaraq, mən belə-belə düşüncələrə daldım və bir də ayıldım ki, öz böyük söz sənəti ilə dünyanı bir az da dəyişib, dünyasını dəyişmiş bu dahinin ədəbi-bədii dünyasına varmaq vaxtıdır.
   
   Onun söz tabloları...
   
   Tənqidçilərin, ədəbiyyatşünasların, dostlarının, hətta bəzi paxıl «opponent»lərinin ən ümumi rəyincə, Çingiz Aytmatov, sadəcə, yaşamaq üçün yox, yaşatmaq üçün yazırmış. Tənqid, «şünas»lıq, rəy - təbii, ədəbiyyatın özündən sonrakı mərhələlərdir və zaman-zaman bunlarla tanış olduqca, hər bir ciddi ədib oxucu gözündə «dəyişmə»lərə də məruz qalır. Yuxarıdakı rəy isə Çingiz Aytmatovu məhz özü kimi, olduğu sayaq təqdim edir. «Dəniz kənarıyla qaçan alabaş» povestində çılın-çılpaq halda o yan-bu yana yüyürən balaca oğlunun bütünlüklə öz ərinə bənzədiyini görən ananın keçirdiyi fərəh hisslərini xatırlayaq; o, rəfiqəsinin qulağına əyilib, müqəddəs bir həya və utancaqlıqla nələr deyir, bu uşağın gələcək yarının necə xoşbəxt bir qadın həyatı, eşq, məhəbbət macəraları yaşayacağı haqda nələr söyləyir?!
   Həmin ananı, yaxud digər əsərlərindəki anaları, bacıları, ataları, stansiya nəzarətçisini, disidenti, zabiti, dustağı, hətta canavarı, iti, atı... əlbəttə, Aytmatov danışdırır! Özü də necə danışdırır. Söz Aytmatovun dilində mum kimidir; hara istəsə əyir, lakin sonda mütləq düzəldib, ecazkar sərkərdə kimi düzləndirir. Hiss Aytmatovun qəlbində qıjov çay kimidir - həmişə çağlayır, daim təlatümlüdür. «Əsrə bərabər gün»də dünyanın bu başından o başına gedən bir qatar obrazı var. Elə-belədən «obraz» demədim ona. Dünyanın ən tutumlu hadisələri, ən ayıq oxucuları, ən qəddar tiranları bu qatarın «sərnişin»ləridir. «Maşinist»-ədib onların hərəsini öz tale mənzilinə, niyyət istiqamətinə aparır. Dövrandan, siyasi «auksion»lardan tutmuş, çox-çox müxtəlif vəzifə, insaniyyət peşələri daşıyan insanlara qədər - hər kəs, hər şey bu fenomenal ədib-«dirijor»un əsrarəngiz qələm-«çubuğu» ilə idarə olunur, hər kəs və hər şey özünüifaya, özünüifadəyə məruz qalır. Dünya bədiiyyatında oxşarı olmayan, əsas hadisə və predmetlərə nisbətdə «ofsayt»-abzas kimi görsənən, lakin, əslində, bütün olayların lokomotiv-leytmotivi olan bu qatarın əsas yükü fəlsəfədir; manqurtizm, «yersiz gəldi - yerli qaç», sonda üzülməsə də, nazilən həqiqətlər fəlsəfələri...
   Çingiz Aytmatov daha çox Şərqə, şərqliyə məxsus bir fəlsəfəni də öz yüksək sənətkarlıq məharətilə verib; arvad, at, papaq. Bu üçbucaq türk-müsəlman dünyası üçün «Bermud üçbucağı» qədər sirli-sehrli olub tarixən. Çingizin Gülsarısı («Əlvida, Gülsarı!») atın, onu əhlilləşdirən türklərin bu vəfalı və xilaskar heyvana sevgisinin abidəsi timsalındadır. «Yalquzaq»dakı canavar da həmçinin. «Boz qurd» haqdakı bütün mifik, real-irreal təfəkkür və düşüncələrimiz həmin obrazda təcəlla edilməyibmi? Bütün bunlar Çingiz Aytmatovun bir növ «tərcümeyi-hal»ı kimi də təcəlla edir; atasını 1937-də həbs edib, 38-də güllələyiblər. VIII sinfi bitirib Cambul zootexnikumunda oxumağa vadar olur. 1948-ci ildə - çox siyasi çək-çevirlərdən sonra Bişkək Kənd Təsərrüfatı Universitetinə, 1956-da isə (atasına siyasi bəraət verildikdən sonra) Moskva Ali Ədəbiyyat İnstitununa daxil ola bilir. Sonra ona 3 dəfə SSRİ Dövlət Mükafatı, Lenin mükafatı, Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı fəxri adları gətirən əsərlər yazır. Sovet rəhbərliyi «Əsrə bərabər gün» romanını «Nobel» mükafatından sapındırsa da, bütün sovet oxucularının onun qələmindən çıxanları «dünyaya bərabər əsərlər» adlandırmasını qadağan edə bilmədi...
   
   Həyatı və... həyatda
   
   Çingiz Aytmatovun həyatı da yaradıcılığı qədər maraqlı, obrazları qədər duyğusal-dramatik, fikirləri qədər idiomatik-qanadlı olub. Onunla dost, yaxın olmaq şərəfinə nail olanlar danışırlar ki, Çingizin şifahi beş sözündən, üç fikrindən biri ciddi bir əsər mövzusu idi. Bunlardan iki-üç nümunəni də mən özüm gətirə bilərəm. Ünlü şairimiz Bəxtiyar Vahabzadənin 50 illik yubileyində (1974) iştirak edən Çingiz Aytmatov belə bir fikir işlətdi: «İstedad da, karvan kimi gəzib-dolanır dünyamızı. Son qərinədə o karvan - Bəxtiyar Vahabzadənin timsalında Azərbaycanda - Bakıda xıxıb...»
   ...O vaxtadək öz halal qiymətini almamış rəsam Mircavad Mircavadovun emalatxanasında dediklərindən: «Burada gördüklərim həyatda gördüklərimin fırça qardaşlarıdır».
   ...«Hörmətli Heydər Əlirzayeviç sizi - başdan-başa milli, dissident olan dostları necə gözləyib-qoruyursa, siz də onu eləcə qoruyun». Bu sözləri o vaxtlar «qorxulu beşlik» kimi tanınan Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, Zeynal Məmmədov və Şahmar Əkbərzadə dostlarına demişdi.
   ...Vətəninə qayıtdıqdan bir gün sonra o, bu dostların hərəsinə bir teleqram vurmuşdu. O vaxt o teleqramlardan ikisi ilə mən də tanış ola bildim və əsərlərini qırğızca yox, rus dilində yazdığına görə, gizlicə bir qınaq bəslədiyimiz bu böyük qələm sahibini açıqcana əfv etdik. Belə ki, sözügedən «qorxulu beşliyin» milli-gizli söhbətlər üçün tez-tez «Bakı-Tbilisi» sərnişin qatarı ilə «ora və geri» səfərlərindən xəbərdar olan Aytmatov Azərbaycanın ziyalılıq və iddiasız millilik meyarlarından sayılan Xudu Məmmədova yazırdı: «Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!..». Qarabağın tanınmış ziyalısı Zeynal Məmmədova teleqram: «Xoşbəxtsiniz ki, sizdə bir kupelik o cür sərnişinlər var...»
   Dünya dəyişir və hələ çox dəyişəcək. Sürəti qat-qat çoxalası - təyyarəyə, raketə bərabər qatarlar yaranacaq. Ancaq Çingiz Aytmatovun fəlsəfə yüklü o qatarının bədii fiti zaman-zaman dünyanın ən ayıq, oyaq oxucularının qulaqlarında səslənəcək, səslənəcək, səslənəcək...
   
   Tahir Abbaslı