Rayonda dövlət mühafizəsinə götürülmüş 63 tarix-mədəniyyət abidəsi var
Ötən ilin payızında Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etdi. Zəfərə aparan yolda – oktyabrın 17-də Füzuli şəhəri də azadlığına qovuşdu.
Vətənimizin hər guşəsi xalqımızın min illərdir yaşayıb-yaratdığı, onun tarixini, irsini təcəssüm etdirən abidələrlə zəngindir. İşğaldan azad olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarixi abidə olub.
Hələ müharibənin getdiyi bir müddətdə ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli fərmana uyğun olaraq, azad edilmiş ərazilərdə Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlər başlandı.
İndiyədək dövlət qeydiyyatında olan 381 tarix-mədəniyyət abidəsinin monitorinqi aparılıb. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 141 obyekt aşkar edilib.
Təəssüf ki, işğal müddətində bu torpaqlardakı mədəni irsimiz vandalizmə məruz qalıb, dağıdılıb, talan edilib. Erməni silahlı qüvvələri tərəfindən dağıdılan daşınmaz mədəni irs nümunələri sırasında məscidlər, türbələr və digər inanc yerləri daha çoxdur. Dini məkanlar dağıdılmaqla yanaşı, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib.
Füzuli rayonunda dövlət mühafizəsinə götürülmüş 63 tarix-mədəniyyət abidəsi var ki, onlardan da 60-ı işğaldan azad edilmiş ərazilərdə yerləşir. Digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi, Füzuli rayonunda da tarix və mədəniyyət abidələrinin əksəriyyəti yer üzündən silinib. Rayonda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, eləcə də digər kəndlərdə yerləşən məscidlər, qəbiristanlıqlar, tarixi abidələr Ermənistanın barbar siyasətinə məruz qalıb. Həmçinin “Araz” qəzetinin redaksiyası, Mədəniyyət evi, Məhəmməd Füzulinin heykəli dağıdılıb, 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi də tamamilə məhv edilib.
Dövlətimiz bütün tarixi abidələrin, mədəni irs nümunələrinin bərpa olunaraq yenidən öz həqiqi sahiblərinə qaytarılması əzmindədir. Bərpa-konservasiya işlərinin müasir şəhərsalma prosesləri çərçivəsində nəzərə alınması əsas prioritetlərdən biridir.
Fariz HÜSEYNLİ