Özbəkistan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) şəhərdəki “Turan” Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə birgə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir keçirib. Tədbirdə böyük Azərbaycan şairinin 880 illiyi ilə bağlı AMM-nin özbək dilinə tərcümə və çap etdirdiyi “Xəmsə”sinin təqdimatı olub.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın elm, mədəniyyət  xadimləri, ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.

KİM-in direktoru Dildora Abduazizova qonaqları salamlayıb və AMM ilə əməkdaşlıqdan danışıb. O, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin Daşkənddə özbək dilində çap olunmasını ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

AMM-nin direktoru Samir Abbasov həyata keçirdikləri layihələrdən danışıb, indiyədək 90-dan çox kitabın özbək dilində çap edildiyini bildirib. O deyib ki, böyük özbək şairi Əlişir Nəvai dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq “Xəmsə” yaradıb və dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Özbəkistanda Əlişir Nəvai nə qədər sevilirsə, Nizami Gəncəvi də, Məhəmməd Füzuli də, İmadəddin Nəsimi də o qədər sevilir.

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xalqlarımızın qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. Q.Paşayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib.

Özbəkistan Ali Məclisinin deputatı, şair və tərcüməçi Gülbahar Səidqaniqızı Azərbaycan ədəbiyyatını çox sevdiyini bildirib. O deyib ki, AMM-nin Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirməsi təqdirəlayiq haldır. Sonra Gülbahar Səidqaniqızı Azərbaycanın klassik şairlərinin əsərlərindən parçalar söyləyib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov qurumun xətti ilə keçirilən tədbirlərdən danışıb deyib ki, Azərbaycanda Nizami Gəncəvi, Özbəkistanda Əlişir Nəvai ilinin keçirilməsi bir daha sübut edir ki, ölkələrimiz milli-mədəni dəyərlərinə sadiqdir.

Tədbirdə daha sonra alim və tərcüməçi Babaxan Şərif, Özbəkistandakı “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov çıxış ediblər. Qənirə Paşayevaya “Turan” Akademiyasının fəxri doktoru vəsiqəsi, Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı fəallıq göstərən şəxslərə Milli Məclisin Mədəniyyət Komitəsinin diplomları, həmçinin qarşılıqlı hədiyyələr təqdim olunub.

Xalq artisti Gülyanaq Məmmədova və özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər.

Azərbaycandan gələn heyət  AMM-də də olub. Ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə əklil qoyulub. Qonaqlar AMM-də fəaliyyət göstərən Azərbaycan-Özbəkistan dostluğu muzeyi və Xalça muzeyinə baxıb, kurs və dərnəklərin işi ilə tanış olublar.