Nurəddin Mehdixanlı: “Tamaşaçıya baxan kimi zalı hiss edir, onları istədiyim əhvala gətirə bilirəm”

 

Qayım-qədim aktyor tamaşadan bir saat öncə teatra gəlməli, qrim otağında hazırlaşmalıdır. Mən də o vaxtı – saat 18:00-ı seçdim. Sağ olsun, məni yanıltmadı – sövdələşdiyimiz zamanda orada idi. Hərçənd həmin gün heç məşqi də yox idi. Sadəcə, məhz ad günündə də teatrda olmalı, özünü səhnə ovqatına kökləməliydi. Çünki ilk mizandan monotamaşasını oynayacaqdı. Məncə, bu müsahibə onunla sadəcə söhbət yox, məhz onun monotamaşası, lap istəsəniz, performansı sayıla bilər. Təəssüf, əslində, nə yaxşı ki, o tamaşanın tək tamaşaçısı mən idim...

 

– Xalq artisti, “Şöhrət” ordenli sənətkar, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlı da əlahəzrət 65-lə görüşdü. Maraqlıdır, ilk təqaüdünüzü necə xərcləyəcəksiniz? (Qaşlarını çatdığından və bir az emosional ovqatda olduğundan söhbətə bir az yumor qatmaq istədim)…

– Yaxşı yadıma saldınız, məndən nə qədər yaşlı aktyorumuz varsa, hamısını bir yerə, bir masa ətrafına toplayacam. Həm dərdləşəcəyik, həm də “Salam, qocalıq” deyəcəm (gülür).

 

– Ahıl yaşı 70-dən sonradır. Siz də yaman tələsdiniz...

– Yox, bizdə sərhəd 65-dən başlayır. Amma 65 yaşa qədər bir həkim, bir müəllim, bir aktyor ömür sürür və özünün kamillik məqamına yetişir. Teatr, sənət, ədəbiyyat, söz adamının artıq öyrədə biləcəyi məqamdır. Bu məqamdakı insanlara öyrətmək imkanı yaratmırıqsa, bizdən sonra gələnlər nəyi öyrənəcəklər?! Biz yaddaşıq. Müxtəlif sahələrdəki yaşlı insanlar – vəzifə və statusundan asılı olmayaraq, bu millətin yaddaşıdır, tarix yaşayıblar. Bizlər bunlardan imtina edəndə yaddaşımızdan, xatirələrimizdən, dünənimizdən imtina eləmiş oluruq. Bu, məni çox kədərləndirir. Mənə elə gəlir ki, elm və sənət adamları yaşa dolduqca daha çox dəyər qazanırlar. Biz yaşımıza, yaddaşımıza, xatirələrimizə hörmət etməsək, sabahımız olmayacaq.

 

– Müəyyən yaşdan sonra imtina etmək daha ağırdır, yoxsa imtina olunmaq?

– Şəxsən mənim üçün 65 yaş yaş deyil. Sadəcə olaraq, keçdiyim yolun uzunluğudur. Məndən soruşsanız ki, ömür dediyin nədir, bax, onda duruxaram. Ömür haqqında fikrim son aylar tamamən dəyişdi. Bilirsiniz ki, İkinci Qarabağ müharibəsində mən 50 gün cəbhədə oldum. Orada anladım ki, əslində, həyat o qədər qiymətlidir ki, onu boş yerə sərf eləmək olmaz. Hərçənd Birinci Qarabağ müharibəsində də olmuşdum. Amma bu 50 gün mənim bütün həyatımı, ona baxışımı dəyişdi. İnanın, bu 50 günü ömrümün ən qiymətli, səmərəli vaxtı hesab edirəm.

 

– Niyə?

– Orada adam insan olur. Əslində, insan nədir orada anlayırsan. Bu, xoşa gəlmək üçün deyilən sözlər deyil. Ömrün və həyatın, insanlığın nə olduğunu orada görürsən.

 

– Bunu 18 yaşlı gənc əsgər də deyir.

– Hə, amma mənim 65 yaşım var, həyatı görmüşdüm, yaşamışdım. Gözümün qabağında ölüm haqqında düşünməyən, onun nə olduğunu ağlından belə keçirməyən və ölümə, zəfərə uçan 18-20 yaşlı oğullar var idi. “İlahi, onlara qol-qanad verən nə idi, görəsən”, deyə tez-tez düşünürəm. Təbii k, bu verilmiş mənəvi tərbiyədən, aşılanmış ruh yüksəkliyindən qaynaqlanırdı. Onu da nə verirdi? Təbii ki, ədəbiyyat, sənət, söz, mədəniyyət, teatr, kino. Yadımdadır, illər əvvəl günorta tamaşalarına bəzən 100-150 nəfər əsgər gətirilirdi. Bəzi həmkarlarımız da “yenə təşkil edə bilməyiblər, zalı əsgərlərlə doldurublar” deyirdilər. Amma mən həmişə “Onlar müstəqil Azərbaycanın əsgərləridir” deyirdim və xüsusilə həmin tamaşaçılar üçün bütün enerjimlə oynayırdım. Elə bil onların, o ağız büzənlərin də əvəzində əsgərə, zabitə tamaşa göstərirdim. Onda da, indi də bir daha anladım ki, aktyorluq sıradan peşə deyil. Bu sənət həm ləyaqətli yaşamağa, həm də şərəflə ölməyə səsləyir.

 

– Baxıram, siz hələ də o ovqatdasınız. Hiss olunur, 44 günlük savaş sizin də həyata baxışınıza “əl gəzdirib”...

– Bəli, çox şeylərə münasibətim tamamilə dəyişdi. Dünən məni acıqlandıran, aqressiv edən hər şeyə indi çox rahat, sakit yanaşıram. Çünki onlar mənə çox mənasız, bəsit görünür. Onların varlığı da, yoxluğu da mənim üçün heç nə ifadə etmir. Orada 19-20 yaşlı gənclər necə gülə-gülə ölümün üstünə gedirlər və bunu düşünmədən, sadəcə, Vətən üçün edirlərsə, deməli, daha böyük nəsnələr üçün – o əsgər üçün, zabit üçün bütün xırda-para qafalı adamları heçə saymaq olar. Sən bu boyda böyüklüyü, müqəddəsliyi görəndən sonra hər şey mənasız gəlir. Mənim üçün əli öpüləsi insan vətənimin əsgəridir, zabitidir. Onlar sübut etdilər ki, bu vətənin, bu bayrağın sahibi bizik.

 

– Sizi bir müddət əvvəl Fəxri xiyabanda, mərhum aktyorlarımızdan birinin anım tədbirində gördüm. Gərgin nota köklənmişdiniz. O zaman hiss etdim ki, siz unudulmaq aqibətindən sarsıla bilərsiniz. Yanılıram?

– Bəli, yanılırsınız. Əksinə, bu gün elə unudulmaq, elə yaddan çıxmaq istəyirəm ki...

 

– Parlaq səhnə ömürlüyü yaşamış aktyor kimi bu cavab inandırıcı gəlmədi. Yəqin həyatda unudulmaqdan danışırsınız.

– Hə, həyatda da, sənətdə, səhnədə də. Nədən və niyə qorxum? Zatən bu aqibəti zaman-zaman bütün böyük sənət adamları yaşayıblar. Çünki unudulmaq üçün daha böyük istəklərim var. Ailəmin, övladlarımın, nəvəmin yanında daha çox olmaq üçün unudulmaq istərdim. Özümlə baş-başa qalmaq üçün unudulmaq istərdim. İnanın, mənim unudulmaq qorxum heç vaxt olmayıb. Bu həyatda elə şeylər gördüm ki, siz deyən unudulmaq onun yanında çox balacadır. Həm də niyə unuduluram axı? Oğlum-qızım var, qohum-qardaşım var. Mən 65 il yaşadım, nəyi bacardım, elədim. Bundan sonra guşənişin olmağım da mənim üçün istirahətdir, rahatlıqdır. Zatən orada da dinc qalmayacam, yazacam, mütləq nə iləsə məşğul olacam. Çünki mən kənd adamıyam. Kənddə böyümüşəm. Kənd adamının unudulmaq qorxusu ola bilməz.

 

– Məntiqiniz maraqlı gəlir...

– İzah edim də. Şəhərdə gündə bir məhəllədə, bir məkanda ola və hər birində saysız adamlar tanıya bilərsən. Amma orada gedəcəyin bir yer var: kəndin qəbiristanlığı. Orada isə hamı doğmadır. Kənddə unudulmaq qorxusu yoxdur... Günü bu gün qəti qadağa qoyulsun ki, bəs 65 yaşı olanlar üçün tamamilə işləməyə icazə yoxdur. “Baş üstə” deyib, bu balaca otaqdan da yır-yığış edib gedəcəyəm.

 

– İllər əvvəl elə bu məsələ ətrafında sizin teatrda yaşanan narahatlıq, söz-söhbətlərlə bağlı məqamı xatırladım. Sizin də səsiniz bərk gəlirdi və mən onda sizin öz 65 yaşınızın tamamındakı etirazınızı təsəvvür elədim.

– Çox rahatam, özünüz də görürsünüz. Mən hesab edirəm ki, sadəcə, böyüksüz ev yiyəsizdir. Bu gün Rafiq Əzimov mənim üçün böyükdür, ağsaqqaldır. O gələndə ayağa qalxmaq mənim borcumdur və qalxıram da. Bunu da özümə şərəf hesab edirəm. Məncə, yaşda da, sənətdə də məndən böyükdür, niyə ayağına qalxmayım? Siz narahat olmayın, mən çox rahatam. İşlə, lazımsan deyərlərsə, işləyim, lazım deyiləmsə, sağ olun. Qazan köşkü, kəndim, daha geniş səhnə məni orada gözləyir.

 

– Səhnə, sənət ömürlüyü gənclikdən parlaq olan aktyorsunuz. İllər əvvəl indiki yaşınızı necə təsəvvür edirdiniz? Həyat və sənət taleyinizi istədiyiniz kimi yaşadınızmı?

– Bütün aktyorların rol nisgili, edə bilmədiklərinin ağrısı olur və mən də onlardan xali deyiləm. Əmin olun, edə biləcəklərimin heç 30 faizini edə bilmədim. Hərçənd potensialım, gücüm daha çoxuna çatırdı. Bu gün də var. Amma təəssüf ki, həmişə hər şey sənin istədiyin kimi olmur. Yəni müxtəlif səbəblər olur və sənin işinə əngəllər yaradılır. Mən bu yolu savaşa-savaşa getdim. Hər dəfə də haqlı olduğumu sübut etmək üçün savaşdım. Bəlkə də mənim mübarizəyə həsr elədiyim enerjim sənətə sərf elədiyim enerjidən beş qat çoxdur. Axı bizi niyə buna məcbur edirdilər?! Bu gün o savaş, o mübarizə yoxdur. Əksinə, çox rahatdır. Bizim dövrdə o azadlıq, rahatlıq yox idi. Amma mən elə o teatr üçün darıxıram.

 

– Yəqin bu da o dövrün qaynar yaradıcı mühiti ilə bağlıdır.

– Təkcə o deyil. Həmin dövrdə peşə əxlaqı anlayışı var idi. Orada hər kəs yerində idi, hər kəs yerini bilirdi. Çünki o zaman əsl teatr tənqidi var idi, hər bir aktyorun yükünü bilib o cür rol bölgüsü edən rejissorlar vardı. İndi bu çərçivələr yoxdur, əvəzində səhnədə büdrəyən də, bir-iki dəfə ümumi planda görünən də deyir ki, “mən yaratdım”. Ən xoşum gəlməyən söz odur. Dilimiz zəngindir, denən ifa elədim, oynadım. Bu söz elə-belə ifadə deyil ha. Amma hər aktyor da obraz yaratmır. Aktyor paxıl, xudpəsənd olarsa, özündən başqa kimisə görməzsə, heç nə yarada bilməz. Mənim üçün bu günün aktyoru dünyada baş verən hər bir hadisədən xəbəri olan, ağlı, intellekti, mütaliəsi, istedadı bərabər şəkildə istifadə edə bilən insandır. Mənim rejissorum da aktyorumdan qat-qat artıq intellektə, dünyagörüşünə sahib olmalıdır ki, arxasınca aktyoru apara bilsin.

 

– Pandemiyanın yaratdığı fasilədən sonra adaptasiyanı necə keçirsiniz?

– Hazırda tamaşalarımızın bərpası ilə məşğuluq. “Ölülər”, “Almaz”, “Dəli yığıncağı”, “Sinif yoldaşları”, “Ah, bu uzun sevda yolu”  tamaşalarının məşqlərini edirik.

 

– Aktyoru qəlibə salmaq, sırf bir profildə təqdim etmək də var və bu, ümumi təsviri korlayır...

– Yaxşı, deyin görək bir futbol matçının taleyini dəyişəcək oyunçuları harada qoyurlar? Təbii ki, hücumda, əsas nöqtələrdə. Aktyor prosesdə yetişir, potensialı orada üzə çıxır. Digər tərəfdən hər bir rejissor da istəyir ki, onun tamaşası uğurlu olsun. Hansı aktyor lokomotiv ola bilirsə, tamaşanın yükünü daşıyırsa, o aktyorla işləyir.

 

– Bu, rejissorun aktyorun arxasında gizlənməyi deyil ki?

– Bu sözdən zəhləm gedir. Elə deyil, sadəcə, güclü və zəif aktyor var və hər rejissor da çalışır güclü aktyorla işləsin. Deməli, hər bir aktyor daim öz üzərində çalışmalı və ən yaxşısı olmağa can atmalıdır. Hər bir rejissor yaxşı aktyoru həm də ona görə seçir ki, tamaşası yaxşı alınsın. Yəni siz deyən aktyorun uğuru bu mənada başa düşülür. İkinci, üçüncü dərəcəli rollardan qorxmaq lazım deyil. Mənim üçün heç vaxt amplua anlayışı olmayıb. Bu daha çox komediya aktyorlarında baş verir. Tamaşaçı əl çalıb güldüsə, deməli, hər şey əladır və belə davam eləmək olar. Bu isə yanlışdır və uğursuzluğun əsasıdır.

 

– Bir az da tamaşaçını yola verməyin...

– Tamaşaçı pul və zaman ayırıb teatra gəlirsə, biz ona təşəkkür eləməliyik, nəinki yola vermək. Bu, bir az xarakter məsələsidir və ömrüm boyu səhnədə də, həyatda da “xaltura” eləmədim. 45 illik səhnə təcrübəm var və bu zaman ərzində bütün proseslər gözümün önündə baş verib. Tamaşaçıya baxan kimi zalı hiss edirəm, onları istədiyim əhvala gətirə bilirəm. Tamaşaçı bunu anlayanda, sənin yanğını görəndə ətrafında bir pərvanə kimi dolanır. Yola verdiyini görəndə də səni səndən də yaxşı yola verir.

 

– Sənətə gəldiyiniz illərdə uğurlu televiziya tamaşalarınız oldu və xeyli tanındınız. Amma böyük kinoya keçid alınmadı. Teatr sevgisi ağır basdı, yoxsa kino işi çətin göründü?

– Bəyəm kinoya düşmək asan idi? Bizim ömrümüzün ən gözəl, ən məhsuldar vaxtları getdi, amma oralara düşə bilmədik. Necə deyərlər, “div”lər bizim kinoya gedən yolumuzu kəsdilər. Hətta səsyazmaya, dublyaja da yollar dolanbaclı, maneəli idi. Dəfələrlə adım rol siyahısından çıxarılıb. Hətta bir filmdə çəkiliş meydançasına çıxdığım anda “Cavan oğlan, sən yox, başqası oynayacaq” dedilər. Sağ olsunlar, əvəzində kaskadyorluğa çağırırdılar. Çünki seçdikləri aktyor at çapa, qılınc oynada, döyüş səhnələrində plastikasını göstərə bilmirdi. Kinoda illər sonra, artıq yaşa dolanda “Cavad xan”da oynadım. Ona görə ki, ssenari müəllifi də, rejissor da orada Nurəddini görürdü.

 

– Müəyyən yaş dövründən sonra aktyorlar bütün səhnəni ələ almaq üçün monotamaşalara üstünlük verirdilər. Sizdə də bir təcrübə oldu, yaxşı da alındı. Bəs niyə davamı gəlmədi?

– Mən həmişə monotamaşaya, tək oyuna maraqlı olmuşam və potensialıma bu sarıdan da çox güvənirəm. Bu, aktyorun güc nümayişidir. Mən “Kreppin sonuncu lent yazısı”nda bunu isbat elədim. Sağ olsunlar, tamaşanı qəbul elədilər, bəyəndilər. Bu yaxınlarda bir təklif də gəlib. Adını çəkməyəcəm, amma əmin olun ki, çox çətin və maraqlı iş olacaq.

 

– Eşitdim şeirlər kitabınızı çapa hazırlayırsınız.

– Bəli, bir aya çapdan çıxar. Bundan başqa, “Yaşadığım bu ömür” adlı memuarım da çap olunacaq. Ardınca da müharibə xatirələrimi ortaya çıxaracam. Mən də pandemiyanı, “evdə qal”ı belə yola saldım.

 

– Yazmaq hansı ehtiyacdan yarandı? Deməyin ki, daxili tənhalıqdan?

– Orta məktəbdən şeir yazırdım. İllər keçir, ömür bizi bəzən özümüzlə baş-başa qalmağa vadar edir. Yəqin şeir də onda yaranır. Mənə toxunan ağrı-acılar, təlatümlər. Mən Cəlilabad rayonunun Tahirli kəndindən çıxdığım gündən həyatımı qələmə alıram...

 

– 65 illik ömrün sənətdə keçən 45 ili. Maraqlıdır, dağ kəndindən gələn oğlanın heyhatları çoxdur, yoxsa sevincləri?

– (Dərindən ah çəkir və düzü, bu məni qorxudur) Bütün uşaqlara bir məsləhətim var: böyüklərinin sözündən çıxmasınlar. Heç bir ata övladının pisliyini istəməz. Mən atamı dinləməyib hüquq təhsilindən imtina etdim, sənəti seçdim və son 20 ildə ağır peşmanlıq yaşayıram. Düşünürəm ki, o sahədə daha faydalı ola, daha çox iş görə bilərdim. Xüsusən sənət, ona münasibətdə olan aşınma məni peşmanlığa yuvarladı. Sənətimizə, peşəmizə sevgi, hörmət gözləyirəm, gərək bu dəyər itməyəydi.

 

– Söhbəti ad günü ovqatına kökləyək. Günü necə keçirdiniz, kimlərdən təbrik aldınız?

– Övladlarımdan, qohumlarımdan, sənət dostlarımdan. Sizdən əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşdüm. Xeyli dərdləşdik.

 

– Səhnədə Şah İsmayıl Xətai rolunu oynamaq nisgilinizi bilirəm. Amma artıq onun zamanı keçib, yaş çoxdan ötüb. 65 yaşlı Nurəddin Mehdixanlı  indi kimi  oynamaq istəyir?

– Kral Liri. O rolu oynayıb teatrda qalmaq da olar, getmək də. O, sənin görəcəyin işin nəticəsindən asılıdır. Yəqin bu da mənim üçün qu quşunun son nəğməsi olacaq...

 

– Gəlin, söhbəti şeirlə bitirək. Bu yaşınızın misraları hansılardır?

Mənim ömrüm yaz qarıymış, sən demə,
   Dağa-daşa səpələndi, yox oldu...

Uzun yol gəlirsən və parça-parça dağa-daşa səpələnir, yox olub gedirsən...

Söhbətləşdi: H.NİZAMİQIZI