Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) fotoqraf Maya Bağırovanın “Bakı hotelləri” sərgisi açılıb.
Sərgi “Prix Villegiature – 2020-2021” – ən yaxşı hotel, hotel dizaynı və memarlığı, spa, xidmət kimi nominasiyalar üzrə mükafatlandırma tədbiri çərçivəsində təşkil edilib. Sərgidə azərbaycanlı fotoqrafın çəkdiyi fotolar – Bakıdakı hotellərin görüntüləri nümayiş olunub.
AMM-də təşkil olunan “Prix Villegiature – 2020-2021” mərasimində “Fairmont Baku” hoteli “ən yaxşı daxili dizayn və arxitektura nominasiyası” üzrə mükafatlandırılıb. Qeyd edək ki, 2014-cü və 2017-ci illərdə “Four Seasons Baku” və Qəbələdəki “Chenot Palace Health Wellness Hotel” “Prix Villegiature”in ən yaxşı spa, kurort və hotel nominasiyaları üzrə mükafata layiq görülüb.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ölkəmiz və “Fairmont Baku” hoteli haqqında məlumat verib. “Fairmont” hotelini təmsil edən “Accor” dizayn şirkətinin vitse-prezidenti Federico Toresi Riba mükafatı qəbul edərək təşəkkürünü bildirib.
“Prix Villegiature” müsabiqəsi 2003-cü ildə təsis olunub və hotelçilik üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatçılar jurnalistlərdən ibarət münsiflər heyətinin səsverməsi yolu ilə müəyyən edilir.