BMA-nın 100 illiyi münasibətlə layihə

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə oktyabrın 26-dan noyabrın 6-dək “Jazzery Voices” (“Caz səsləri”) adı altında silsilə tədbirlər keçiriləcək.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ölkəmizin caz ifaçılarının konsertləri, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda beynəlxalq elmi-yaradıcılıq konfransı, caz-vokal ifaçılığı üzrə ustad dərsi və tədqiqi seminar təşkil olunacaq. Konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətləri çıxış edəcək.

Tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans salonunda təşkil olunacaq.

“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə yekunlaşacaq.