Oktyabrın 20-də Almaniyanın Frankfurt-Mayn şəhərində 73-cü Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Dünyanın kitabla bağlı ən böyük tədbirlərindən sayılan Frankfurt yarmarkası bu il “Yenidən əlaqə qur” devizi altında keçirilir. 80 ölkənin təmsil olunduğu sərginin fəxri qonağı Kanadadır.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan builki sərgidə yenilənmiş dizayna malik stend və geniş çeşiddə nəşrlərlə təmsil olunur. Vətən müharibəsində qazanılan Zəfər, ölkəmizdə cari ilin “Nizami Gəncəvi İli” olması nəşrlər və vizual təqdimatlarla yanaşı, keçirilən tədbirlərlə də ziyarətçilərin diqqətinə çatdırılacaq.
Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplayan Frankfurt yarmarkası yeni əməkdaşlıq qurmaq və təcrübə mübadiləsi üçün mühüm platformadır. Pandemiya səbəbindən sərgiyə qatıla bilməyənlər onlayn yayımlanan görüş və tədbirləri izləyə bilirlər.
73-cü Frankfurt Beynəlxalq Kitab Yarmarkası oktyabrın 24-dək davam edəcək.