Odlar Yurdunun Solntsev soyadlı şəhidi

 

44 günlük Vətən müharibəsində dinindən, dilindən və milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər kəs “dəmir yumruq” kimi birləşib işğalçı düşmənə tarixi dərs verdi. Müzəffər Ordumuzun şanlı Qələbəsində bu ölkənin havasını udub, suyunu içən bütün xalqların nümayəndələrinin payı var. Onlardan biri Qubadlı uğrunda döyüşlərdə şəhid olmuş Solntsev Dmitri Aleksandroviçdir.

Oktyabrın 23-ü D.Solntsevin anım günü idi. Bu münasibətlə Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri İkinci Fəxri  xiyabanda qəhrəman döyüşçünün məzarını ziyarət etdilər.

İcra başçısı Asif Əsgərov çıxış edərək Vətən müharibəsində Azərbaycanın igid oğullarının şücaətindən söz açır. O, xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən birinin Vətənə sonsuz sevgi hissinin sarsılmaz olduğunu söyləyir.

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, rus əsilli Azərbaycan vətəndaşının Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olması ölkəmizin, Vətənimizin azərbaycançılıq ideologiyasının ətrafında vahid bir yumruq kimi birləşməsinin təcəssümüdür: “Azərbaycanda azərbaycançılıq ideologiyası var və bu ideyaya əsasən Azərbaycanda yaşayan hər bir vətəndaş bu torpağı özünə Vətən hesab edir. Bu ideya fərqli dini və milli mənsubiyyəti olan insanları öz ətrafına toplaya bilib”.

Dmitrinin döyüş yoldaşları – baş leytenant Azər Həmidov və qazi Kənan Kazımov xatirələrini bölüşürlər. A.Həmidov bildirir ki, şiddətli döyüşlərdən birində  Dima özünü qabağa atdı, mən ona “geri çəkil” əmri versəm də, “Qoy qabaqda mən gedim, komandir, sizə nəsə olsa, uşaqlar başsız qalar” dedi. Qorxmaz, mərd oğul idi. Döyüş dostları onun xətrini çox istəyirdi. Dmitri əsgər dostu Kənanın qollarında şəhid olub. Qazi həmin anı çətinliklə dilə gətirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri Lalə Bəkirova qeyd edir ki, təhsil ocağını fərqlənmə diplomu ilə bitirən tələbələrimiz çox olub və adını unutmuşuq: “Lakin Dima elə bir tələbə idi ki, hətta universitet illərindən sonra da daima onunla əlaqə saxlayırdıq. Hədsiz təvazökar, bütün kafedranın işinə yaxından kömək edən və hamımızın sevimli tələbəsi idi. Əfsus ki, belə bir oğulu tez itirdik. Bizim borcumuz şəhid oğulların xatirəsini ehtiramla yad etməkdir. Ağır dərddir, lakin şəhidlərimizin qanının yerdə qalmamağı bizə təsəllidir”.

***

Şəhidin bacısı Yuliya tədbir boyu göz yaşını saxlaya bilmir: “Anım günündə iştirak edən hər kəsə təşəkkürümü bildirir və hər zaman deyirəm: mən qardaşımla fəxr edirəm”.

Tədbir bitir. Qonşular şəhidin bacısını tək qoymurlar. Hər kəs onun haqqında işıqlı xatirələrini bölüşür. Yuliya da arada danışır. Amma qarışıq, qırıq-qırıq fikirlərlə: “Ölümündən iki gün əvvəl zəng eləmişdi. Həmişəki kimi cəbhədə nə baş verdiyindən heç nə danışmadı. Bircə onu dedi ki, darıxmayın, qələbəyə az qalıb, hamınızı öpürəm. Sonra iki gün ondan xəbərsiz qaldım və sonra da belə... Qardaşımı əlindən tanıdım... Cəbhəyə könüllü yazılmağını hamıdan gizlətmişdi.  Hərbi komissarlığa gedəndə dedi ki, bacı, narahat olma, həyətə əllərimdə bayraqlarla qayıdacağam...”.

Dmitri orta məktəbdə də, universitetdə də, məhəllədə də hamının sevimlisi olub. Şən, həyatsevər idi Dima, deyirlər qonşular. Özü də həddən artıq mütaliəli. Həyətdə hamının köməyinə çatardı.

Müəllimi Amaliya xanım isə bildirir ki, ölümündən bir neçə ay əvvəl TƏBİB-də könüllü işləməyə başlamışdı: “Pandemiyaya qarşı mübarizədə o da həkimlərlə bir yerdə idi. Xəstəxanalarda tibbi aparatların sazlığına nəzarət edirdi. Onun ixtisası kimya texnologiyaları ilə bağlı idi. Magistraturanı fərqlənmə diplomla başa vurdu. Tomoqrafiyadan tutmuş, stomatoloji aparatlara qədər, tibbi cihazlardan baş çıxarırdı”.

***

Dmitri Solntsev 1995-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarında ata-anasını itirib. 2001-2012-ci illərdə Nəsimi rayonundakı 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. 2016-2017-ci illərdə ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə ordu sıralarına yazılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib. O, oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən Dmitri Solntsev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Lalə AZƏRİ