XX əsr sənətşünaslıq elmimizin və təsviri sənətimizin tanınmış nümayəndələrindən biri də Adil Qazıyevdir. O, sənətşünaslıq elminin formalaşmasında mühüm xidmətlər göstərib, bu sahədə sanballı elmi tədqiqat əsərləri yazıb. Azərbaycan incəsənəti tarixində silinməz iz qoyan sənətkarı anadan olmasının 115 illiyi münasibətilə yada saldıq.

Adil Yusif oğlu Qazıyev 1906-cı il martın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. İlk təhsilini “Məktəbi-tərbiyə”də alıb. Tale yolunun müəyyənləşməsində realist rəssam Bəhruz Kəngərlinin böyük rolu olub.

Rəssamlıq sənətinin sirlərini B.Kəngərlidən öyrənən Adil Qazıyev 1922-ci ildə Naxçıvan teatrında rəssam kimi fəaliyyətə başlayır. Rəssamlıq sənətinə olan həvəsi onu Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsilini davam etdirməyə sövq edir və 1925-ci ildə bu təhsil ocağının ilk məzunlarından olur. Milli pedaqoji kadrlara ehtiyac duyulduğundan texnikumun məzunlarının bir qrupu təhsil almaq üçün Moskva, Kiyev, Leninqrad (Sankt-Peterburq) və Tiflisin müvafiq təhsil ocaqlarına göndərilirdi. Adil Qazıyev də 1927-1931-ci illərdə Moskva Dövlət Tekstil (Toxuculuq) Universitetinin Rəssamlıq fakültəsində tanınmış sənətkarlar Sergey Gerasimov və Aleksandr Kuprinin sinfində təhsil alır. Bilik və bacarığı ilə seçilən A.Qazıyev universiteti bitirdikdən sonra müəllimlərinin zəmanəti ilə 1932-1936-cı illərdə universitetin aspiranturasında oxuyur və eyni zamanda təhsil ocağının Sənətşünaslıq fakültəsində (1932-1941) müəllim işləyir. 1938-ci ildə elmi işini müdafiə edərək texniki elmlər namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsi alır.

1941-ci ildə ölkəmizə qayıdan A.Qazıyev Bakı Kinostudiyasında quruluşçu rəssam işləyir, eyni zamanda 1945-ci ilədək Azərbaycan Rəssamlıq Texnikumunda müəllimlik edir. Azərbaycanda Elmlər Akademiyası yaradılanda (1945) taleyini Memarlıq və İncəsənət İnstitutu ilə bağlayır, ömrünün sonunadək Təsviri sənət şöbəsinin müdiri olur. Eyni zamanda 1946-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (BDU) İncəsənət kafedrasının müdiri vəzifəsində çalışır. Elmi axtarışlarını davam etdirən alim 1958-ci ildə sənətşünaslıq üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edir. 1972-ci ildə professor elmi adı alır.

A.Qazıyev Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətlərinin tarixi və inkişaf problemlərinə, o cümlədən xəttatlıq sənəti və əlyazmaların bədii tərtibatına dair elmi tədqiqatların müəllifidir. Alimin tədqiqatları bu gün də sənətşünaslıq elmində aktuallığını qoruyur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Professor A.Qazıyev Azərbaycan dekorativ-tətbiqi və təsviri sənəti ilə bağlı “Rəng nəzəriyyəsinin əsasları” (1951), “Xalq rəssamı Əzim Əzimzadə” (1953), “Rəsmin tədris üsulu: I-VI siniflər” (1954), “Memarlıq, inşaat və təsviri incəsənət terminləri lüğəti” (1956, Q.M.Əlizadə, Ə.M.Qasımovla birgə), “Nizami “Xəmsə”si 1539-1543-cü illər əlyazmasının miniatürləri” (1964, rus dilində), “Orta əsr kitab boyakarlığı, xəttatlığı və cild sənətinin bədii-texniki materialları və terminologiyası” (1966, rus dilində), “XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı” (Moskva, 1977) və s. kitab və monoqrafiyaları fundamental elmi əhəmiyyətə malikdir və sənətşünaslıq elminin diqqətəlayiq nümunələri hesab olunur.

A.Qazıyev təsviri sənət üzrə ilk sənətşünas, təbrizli rəssam Sadıq bəy Əfşarın (1533-1613) həyat və yaradıcılığı haqqında ilk dəfə araşdırma apararaq “Qanun-üs-süvər” adlı traktatını farscadan dilimizə çevirərək nəşr etdirib.

Əminliklə demək olar ki, alimin təsviri və tətbiqi sənəti yüksək professionallıqla dəyərləndirə bilməsinin kökündə həm də onun rəssam olması durur. Bəhruz Kəngərli (1892-1922) ilə tanışlıqdan və onun sənətindən öyrənməyə başladıqdan sonra A.Qazıyev davamlı olaraq rəsm əsərləri yaradıb. A.Qazıyev öz müəllimi B.Kəngərli haqqında 1971-ci ildə “Qobustan” jurnalında yazırdı: “Bəhruz Kəngərli portret və mənzərə əsərlərinin bir çoxunu mənimlə birgə etüdə getdiyimiz zaman (1919-1920) çəkmişdir. Mən də ona baxaraq işləyir və öyrənirdim. Lakin Bəhruzla işlərkən mən bir sıra müvəffəqiyyətli akvarel də çəkmişdim. Kəngərli 1921-ci ildə öz əsərlərindən ibarət üçüncü sərgisinin ekspozisiyasına mənim də işlərimdən bəzilərini daxil etmişdi. Bir gün sərgiyə gəldiyim zaman Bəhruz mənə dedi ki, sənin işlərindən bir neçəsini tamaşaçılar bəyənib alıblar. Bir dəfə o, mənə dedi ki, hər ölkənin keçmişdə sənət ustaları olmuşdur: onlar haqda kitablar da yazılıb. İndi biz ikimiz də Naxçıvan rəssamıyıq. Hansımız bu dünyadan əvvəl gedərsə, digəri onun adını gərəkdir ki, əbədiləşdirsin. Onun bu arzusunu yad edərək mən 1942-ci ildə Bəhruzun surətini yaddaşımın köməyilə işlədim. Bu, rəssamın 1921-ci ildəki simasını təsviri bir sənəd kimi əks etdirir”.

Sənətkarın bu xatirəsindən məlum olur ki, Azərbaycanda realist rəssamlıq sənətinin banisi B.Kəngərlinin iki portretini yağlı və sulu boya ilə işləyib. O, B.Kəngərlini dövrümüzə gəlib çatan bütün təsvirlərdəki görünüşündən fərqli olaraq milli papaqda yaradıb. “İki dəmirçi”, “Bəhruz Kəngərlinin portreti”, “M.F.Axundovun portreti”, “Naxçıvan mənzərələri” və s. əsərləri onun yüksək sənət zövqündən xəbər verir. Rəssamın bir sıra əsərləri Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur.

Rəssamın qrafik lövhələri, demək olar ki, təsviri sənətin bütün janrlarını əhatə edir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev qeyd edir ki, A.Qazıyevin Bakı Rəssamlıq Məktəbində oxuduğu dövrdə ərsəyə gətirdiyi nümunələr yüksək professionallığı ilə seçilir. Bir vaxtlar Naxçıvanda Bəhruz Kəngərlidən aldığı sənət vərdişlərini yeni məkanda kamilləşdirən gənc rəssamın çəkdiyi portretlər obrazların mənəvi-psixoloji tutumunun yaddaqalan ifadəsi ilə diqqət çəkir. Sənətşünas alim xüsusilə rəssamın 1923-cü ildə çəkdiyi “Qoca” və “Uşaq” portretlərini qeyd edir. Bildirir ki, hər iki qrafik əsərdə geyimləri kifayət qədər bədii ümumiləşdirmələrlə təqdim edən rəssam obrazların üz cizgilərinin bədii şərhində yüksək sənətkarlıq nümunəsi sərgiləyib.

A.Qazıyevin müxtəlif illərdə yaratdığı “Möminə xatın türbəsi”, “Yusif Küseyroğlu türbəsi”, “Əshabi-kəhf dağı”, “Nəhəcir dağı”, “Naxçıvan şəlaləsi”, “İlandağ” və digər əsərlərində müəllifin doğma yurda olan sonsuz məhəbbəti qabarıq şəkildə özünü göstərir.

Səhnəqrafiya sahəsində də mühüm xidmətlər göstərən A.Qazıyev 1922-1929-cu illərdə Naxçıvan teatrında tamaşaya qoyulan müxtəlif janrlı əsərlərə bədii tərtibat verib. Onun bədii tərtibatında “Məşədi İbad”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” (Ü.Hacıbəyli), “Aşıq Qərib”, “Əlli yaşında cavan” (Z.Hacıbəyov), “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar” (Ə.Haqverdiyev), “Pəhləvanani-zəmanə” (N.Vəzirov), “Laçın yuvası” (S.S.Axundov), “Hacı Qara” (M.F.Axundzadə), “Dəmirçi Gavə” (Ş.Sami), “Ölülər”, “Anamın kitabı” (C.Məmmədquluzadə), “Oqtay Eloğlu”, “Aydın”, “Sevil” (C.Cabbarlı), “Şeyda”, “Şeyx Sənan” (H.Cavid), “Evlənmə”, “Müfəttiş” (N.Qoqol), “Otello”, “Hamlet” (V.Şekspir) və s. səhnə əsərləri müxtəlif rejissorların quruluşlarında uğurla nümayiş etdirilib.

Tanınmış alim ölkəmizdə sənətşünas mütəxəssislərin yetişməsinə mühüm töhfələr verib. Bu sahədə tədqiqat aparan gənclərin elmi rəhbəri olub, bilik və təcrübəsini onlardan əsirgəməyib. Həmçinin sənətşünaslıq üzrə nəşr məhsullarının hazırlanmasına dəstək göstərib.

Görkəmli rəssam, sənətşünaslıq üzrə elmlər doktoru, professor Adil Qazıyev 1972-ci il dekabrın 31-də, 66 yaşında Bakıda vəfat edib. Ömrünün böyük hissəsini Azərbaycan incəsənətinin araşdırılması, tədrisi və təbliğinə həsr edən rəssam-alimin adı elm və sənət tariximizdə əbədi yaşayacaq.

Əli QƏHRƏMANOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru