Yeni layihə Bakı Musiqi Akademiyasınınyubleyinə həsr olunub

 

Oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində “Caz səsləri” (“Jazzery Voices”) layihəsinin açılışı keçirildi. Layihə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illik yubileyinə həsr olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti, “Jazzery Voices” layihəsinin müəllifi Turan Məmmədəliyeva Bakı Musiqi Akademiyasının tarixi bağlı fikirlərini bölüşdü. Bildirdi ki, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, milli bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli özündən sonra parlaq iz qoyub. Məhz onun davamçısı olmuş sənətkarlar sayəsində musiqi mədəniyyətimiz müxtəlif janrlarda inkişaf edərək dünyaya inteqrasiya olunub.

Ölkəmizdə caz sənətinin inkişafı haqqında söz açan T.Məmmədəliyeva qeyd etdi ki, Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda qoyulub. Bakıda Niyazi və Tofiq Quliyev “Dövlət cazı” adı ilə tanınan Dövlət Estrada Orkestrini yaradıblar. Orkestrin ilk konsert proqramına klassik cazla yanaşı, Niyazinin və Tofiq Quliyevin əsərləri də daxil edilib. Kollektiv həmin dövrdə böyük populyarlıq qazanıb. Sonrakı dövrlərdə Bakıda bir çox caz orkestrləri yaranıb və müasir günümüzdə də caz sənətinin görkəmli imzaları ölkəmizi beynəlxalq festivallarda layiqincə təmsil edirlər.

Daha sonra layihənin ilk konserti gerçəkləşdi. Gənc caz ifaçısı Nərmin Məmmədlini səhnədə pianoçu Afşin Əlizadə, bas-gitarada Nicat Paşazadə və zərb alətlərində Həsən Bilalov müşayiət edirdi. Konsert proqramı maraqla qarşılandı.

Qeyd edək ki, noyabrın 6-dək davam edəcək konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətlərinin çıxışı musiqisevərlərin könlünü oxşayacaq.

“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə yekunlaşacaq.

Lalə AZƏRİ