Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Özbəkistanın Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir.
Vilayətin inzibati mərkəzi Urgənc şəhərindəki Dövlət Musiqili Dram Teatrında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin rəsmi açılışı olub. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Vilayət hakiminin müavini Batır Saidov azərbaycanlı qonaqları salamlayıb, ikinci dəfə vilayətdə təşkil olunan tədbirlərin iki ölkə arasında dostluğu və əməkdaşlığı möhkəmləndirdiyini qeyd edib. O, Özbəkistanda ta qədimdən böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər klassiklərin çox sevildiyini vurğulayıb. Bildirib ki, bu şairlərdən ilhamlanan Xarəzm ədibləri əsərlər yaradıblar.
Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, biz əlamətdar bir ildə görüşürük. Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib. Özbəkistanda isə bu il böyük şair Əlişir Nəvainin 580 illiyi qeyd olunur. “Böyük şairlər və filosoflar Heydər Xarəzmi, Məhəmməd Rizo Aqahi, Abu Reyhan Biruni, Pəhləvan Mahmud, Nəcmiddin Kubro kimi şəxsiyyətlər yetişdirmiş Xarəzm torpağına Azərbaycandan salam gətirmişəm”, – deyə Q.Paşayeva vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov bu qəbildən tədbirlərin milli və ortaq dəyərlərimizin tanıdılması istiqamətində əhəmiyyətindən danışıb.
Sonra Xalq artisti Gülyanaq Məmmədova, aşıq İlham Abdullayev və AMM-in nəzdindəki “Azərbaycan qızları” ansamblının iştirak ilə musiqili proqram təqdim olunub.