Oktyabrın 31-də Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı keçiriləcək.

Film 44 günlük Vətən müharibəsində türkiyəli telejurnalist Fulya Öztürk və teleoperator Halil Kahramanın peşə fədakarlığından bəhs edir, baş verən hadisələrə onların baxışını ortaya qoyur. Çəkilişlər bu ilin yayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.

Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Ekran əsəri “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları – Fulya Öztürk və Halil Kahraman iştirak edəcəklər.

Xatırladaq ki, “Fulya” filmi oktyabrın 8-dən etibarən Türkiyənin, oktyabrın 28-dən etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunur.