Azərbaycan
3 noyabr 1943 – Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870–1943) vəfat edib. Tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.
3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
3 noyabr 1997 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (23.11.1937 – 1997) vəfat edib. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
3 noyabr 2007 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (21.2.1921 – 2007) vəfat edib. Tematik tablolar, portret janrında uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.
4 noyabr 1939 – Əməkdar mədəniyyət işçisi Limunət Nurullah qızı Abdullayeva (1939-2016) Qax rayonunun Qaxmuğal kəndində doğulub. Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.
4 noyabr 1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov (1944 – 9.2.2020) anadan olub. “Azərbaycanfilm” Kinostudiyasında, “Azanfilm” studiyasında işləyib.
4 noyabr 1946 – BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı – UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi 1945-ci il noyabrın 16-da Parisdə imzalanıb, 1946-cı il noyabrın 4-də qüvvəyə minib.
4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan”) çəkilib.
4 noyabr 1967 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 – 1967) vəfat edib. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb. Musiqili Komediya Teatrında çalışıb.
5 noyabr 1925 – Türkoloq, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 – 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.
5 noyabr 1938 – Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 – 3.6.1991) Ordubad şəhərində anadan olub.
5 noyabr 1948 – Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 – 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub. Kitabları: “Acı həqiqət”, “Mən nə dedim ki...” və s.
5 noyabr 1978 – Yazıçı Eynulla Xankişi oğlu Ağayev (31.12.1907 – 1978) vəfat edib. Əsərləri: “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
5 noyabr 2001 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1.1.1937 – 2001) vəfat edib. Filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
5 noyabr 2018 – Tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Əmir oğlu Qafarov (2.10.1969 – 2018) vəfat edib.
Dünya
3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869–1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.
4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni; 1575-1642) anadan olub.
4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner; 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.
4 noyabr 1928 – Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
5 noyabr 1878 – Rus (polyak əsilli) yazıçı-dramaturqu Mixail Artsıbaşev (1878-1927) anadan olub. Əsərləri: “Sanin”, “Ən son həddə”, “Qısqanclıq”, “Vəhşi qanunu” və s.
5 noyabr 1913 – İngilis aktrisası, “Oskar” mükafatçısı Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub.
5 noyabr 1938 – Fransız (yəhudi əsilli) müğənni və bəstəkar Co Dassen (Joe Dassin – Joseph İra Dassin; 1938–1980) anadan olub.
Hazırladı: Vüqar ORXAN