Qarabağ həsrəti ilə yaşayan minlərlə Azərbaycan vətəndaşının ürəyində yeganə sönməyən arzu, dilək vardı – işğal altında olan doğma ata-baba yurdları yağı düşməndən azad olunacaq və illərin həsrətinə son qoyulacaq. Bu sönməz ümid, gələcəyə inam yurd-yuvalarından didərgin düşmüş yaradıcı həmvətənlərimizin ərsəyə gətirdiyi əsərlərdə də öz əksini tapmışdır. Qarabağı, mədəniyyətimizin beşiyi Şuşanı vəsf edən musiqilər, şeirlər yazılmış, rəsm əsərləri çəkilmiş, Qarabağın mədəni irsi dünyada tanıdılmışdır.

Qarabağsız, Şuşasız olduğumuz ötən illərdə bu torpağın mədəni irsini yaradıcılığında yaşatmağa çalışmış sənətkarlardan biri də rəssam Səyyar Əliyevdir. O, 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. Əvvəl Xocavənd kənd məktəbində oxumuş,  sonra orta təhsilini  Ağcabədi və Şuşada davam etdirmiş, Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuş və bu təhsil ocağını müvəffəqiyyətlə  başa vurduqdan sonra Şuşa rayon məktəblərində, kollecdə müəllim işləmiş, istehsalat kombinatında  mühəndis vəzifəsində çalışmışdır.

1992-ci ilə kimi Şuşada yaşayıb-yaratmış rəssam, şəhər işğal olunanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında müəllim işləyirdi. Doğma yurddan didərgin düşdükdən sonra Şuşa həsrətilə yaradıcılığını davam etdirmiş, bu mövzuda əsərləri ilə tanınmağa başlamışdır. Yeniyetmə və cavanlığı Şuşada keçən rəssam əsərlərində buranın təbiətinin vurğunu olduğunu bir daha sübut edir. Xüsusi rəssamlıq təhsili almasa da, daxilindəki zənginlik və rəng duyumu dəyərli rəsm əsərləri yaratmasına zəmin olmuşdur.

Bir çox janrlara müraciət edən sənətkar öz sözünü daha çox mənzərə janrı ilə deməyə nail olmuşdur. Qarabağın işğal altında olduğu müddətdə yaratdığı əsərlərdə, təqdim olunan mənzərələrin qeyri-adi tərzdə özünəməxsusluğu ilə seçilməsi, torpaqlarımızın bir gün azadlığa çıxacağına əminlik hissləri qabarıq əksini tapmışdır. “Qarabağ mənzərəsi”, “Payız”, “Dumanlı nərgiz”, “Cıdır düzünün həsrəti”, “Sarıqayanın kədəri”, “Nərgiz”, “Şuşa qalası” və kimi mənzərə əsərləri bu qəbildəndir. Rəssamın bu mövzuda çəkdiyi hər tablo tamaşaçını sanki bir anlıq Şuşaya aparır. “Sarıqayanın kədəri” əsəri sənətkarın illərlə içində qaynamış, onu düşündürmüş  kədərin təcəssümüdür. Şuşada boya-başa çatan, havasını udan, suyunu içən rəssam bu əsəri yaratmaqla öz övladlıq borcunu yerinə yetirməyi şərəf bilmişdir. Sarıqayaya Qarabağın bir çox yerlərində – Ağdamda, Qarqar çayının sahilində, Kəlbəcərdə və digər işğala məruz qalmış ərazilərdə də rast gəlinir. Lakin rəssam Şuşada, Daşaltıdakı Sarıqayanı bu tabloda kədərli bir süjetlə göstərmişdir. Əsərdə böyük məna kəsb edən hadisələr təsvir edilib və bu səbəbdən əsərə rekviyem adı verilmişdir.

“Cıdır düzünün həsrəti” tablosu isə nisgilli, həsrət dolu bir süjetdən ibarətdir. Cıdır düzü bomboşdur, arxa fonda yamyaşıl Topxana meşəsi görünür... Bir vaxtlar erməni faşistlərinin caynağında olan və yaşıllıqlarını qıraraq alüminium zavodu tikmək istədikləri  Topxana meşəsi...Əsərdə Cıdır düzü həsrətdən sanki sapsarı saralmış bir görkəmdə göstərilib. Vaxtı ikən bütün Qarabağ elinin igidləri burada at oynatmış, qılınc döyüşdürmüş, dahi Üzeyir bəyin “Koroğlu” operasının uvertürasını maestro Niyazinin dirijorluğu altında Azərbaycan Dövlət Simfonik Orkestri əzəmətlə ifa edərək, dağları, daşları lərzəyə gətirmişdir. Əsərə nəzər saldıqca, sanki qayğısız uşaqların sevincli, şən səslərini, Qarabağ cavanlarının gələcəyə ümidli baxışlarını, Daşaltı çayının həzin musiqiyə bənzər şırıltısını duymaq mümkün olur.

Düşmənin işğalçı, barbar xislətini, torpaqlarımızda etdiyi vəhşilikləri dünyaya göstərməyə çalışan rəssamın “Alov içində yanan qız”, “Şuşa faciəsi”,  “Əzablı yollar”,  “Xocalı faciəsi”, “Narahat ruhlar” kimi əsərləri də dəfələrlə sərgilərdə nümayiş olunmuşdur.

 “Xocalı faciəsi” adlı əsərinə nəzər saldıqda tamaşaçı həmin faciəni sanki hisslərində yaşamış olur. Əsərin arxa fonunda uzaqdan yandırılıb-xarabalığa çevrilmiş Xocalı şəhəri görünür. Qışın soyuq, qarlı-şaxtalı günündə millətimizin başına açılan dəhşətli qətliam əsərdə bir faciə dastanı kimi təqdim olunmuşdur. Rəssam ayrı-ayrılıqda hər bir detalı məharətlə işləyərək ürəyindəki nisgili kətana köçürmüşdür.

“Narahat ruhlar” əsərinə nəzər saldıqda bir tabloda nə qədər məna, nə qədər hiss və həsrət olduğu insana agah olur. Qarabağın bütün dahilərinin, sənət adamlarının, qəhrəmanlarının, illərlə həsrətində olduğumuz İsa bulağı, Mamayı bulağı, Gövhər ağa məscidi, Bazarbaşı meydanı...

Mənzərə janrında maraqlı əsərlərilə diqqəti çəkən Səyyar Əliyevin yaradıcılığında süjetli tablolar da geniş yer tutur. O, çoxfiqurlu kompozisiyalarını bədahətən, əlavə eskizlər etmədən birbaşa kətana köçürür. “Sevincdi, kədərdi dünya”, “Nur dəryası”, “İnsanlar, talelər”, “Dostlar”, “Həyat toru”, “Rəssam dünyası”, “Sirli dünya”, “Azad bir quş idim”, “Təzadlı dünya” triptixi, “Analar, ümidlər”, “Bənövşəyi xəyallar”, “Məhəbbət”, “Şeytanın hiyləsi”, “Qovuşanlar” kimi əsərlər məhz mücərrəd kompozisiyaları sırasındadır. Bu əsərlərdə bəşəri duyğular məharətlə və yaddaqalan obrazlarla ifadə edilərək, bir yandan da tamaşaçıda qeyri-müəyyənlik oyadaraq, əsərlərin daha da marağa səbəb olmasına gətirib çıxarır.

Rəssamın natürmort janrına fərqli yanaşmalarla təsvir etdiyi əsərlərindən “Günəbaxanlar”, “Narlar”, “ Meyvələr”, “Mis qablarla xalça” və s. göstərmək olar. Müəllif “Şuşa həsrətli narlar”, “Şuşa həsrəti ilə yanan günəbaxanlar” mövzusunda da toplu əsərlər yaratmışdır.

Bütün əsərləri ilə yanaşı, rəssamın yaratmaqda bitib-usanmadığı bir mövzu daim onu sənət yolunda müşayiət etmişdir. Bu mövzu Qarabağın, Şuşanın rəmzi olan xarıbülbüldür ki, rəssam hər zaman öz yaradıcılığının kədərli və sevincli dönəmlərində məhz bu gülün təsvirini verməkdən zövq almışdır. Bu silsilədən “Xarıbülbülün faciəsi”, “Xarıbülbülün kədəri”, “Xarıbülbülün həsrəti” əsərlərində Şuşanın rəmzi qəlbi qırıq, faciə şəklində təqdim olunurdu. “Xarıbülbülün faciəsi” əsərində Şuşanın işğal edildiyi zaman sanki quşlar xarıbülbülün Şuşa torpağını tərk edərək uçub getməsini dərin hüznlə seyr edirlər.

Lakin 28 il sonra illərin həsrətinə son qoyuldu və Azərbaycanın müzəffər Ali Baş Komandanı və mübariz oğullarının sayəsində Vətən torpaqları yağı düşmənin əsarətindən xilas olunaraq, doğmalarına qovuşdu. Bu həsrətin sona yetməsi nəticəsində rəssamın yaradıcılığı da öz xoşbəxtliyinə qovuşaraq, yeni, nikbin ruhlu əsərlərlə davam etməyə başlayır. Artıq “Xarıbülbülün qayıdışı”, “Xarıbülbülün sevinci” kimi əsərlər yaranır.

Rəssam Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması ilə əlaqədar tarixi çıxışında ifadə etdiyi – “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərini dinləyər-dinləməz, illər öncədən yaratmış olduğu və sanki yaralı qalmış, bitməmiş “Şuşa qalası” əsərini bir qələmdə bitirərək qalanın üzərinə dalğalanan şanlı Azərbaycan bayrağını həkk etdi.

İllər sonra Şuşaya qədəm basaraq müqəddəs torpağını, Cıdır düzünü, Yuxarı Gövhər ağa məscidini, Xan qızı bulağını, öz yaşadığı evin həyətini ziyarət edən rəssam dünyanın ən xoşbəxt insanına çevrildi. Bundan sonrakı yaradıcılığında sevincli, xoşbəxt və həyat dolu Qarabağ, Şuşa və bütöv Azərbaycan təsvirlərinin arzusu ilə yaşayan rəssam hazırda yeni sərgilər üçün əsərlər üzərində çalışır. Hər il Xocalı faciəsi ilə əlaqəli sərgilərdə iştirak etmiş rəssamın indiyə kimi 5 fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Bundan sonrakı sərgiləri isə Zəfər ruhunda olacaqdır.

Son olaraq onu da qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olan Səyyar Əliyev həm də tarix üzrə fəlsəfə doktorudur. Sənətkar 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Elnarə MAZANDAROVA
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı