Noyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqında Gənc Rəssamlar Birliyinin üzvü Emin Aslanovun “44 Zəfər plakatı” adlı fərdi sərgisi açılıb. Tədbirdə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, mədəniyyət və ictimaiyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov müəllifi təbrik edərək, Vətən müharibəsində Zəfərin birinci ildönümü ərəfəsində açılan sərginin qürurverici olduğunu söyləyib. Bildirib ki, 44 günlük müharibədə Azərbaycan Ordusu otuzillik Qarabağ nisgilinə son qoydu və millətimizə qalibiyyət yaşatdı.
İştirakçıları Zəfər Günü münasibətilə təbrik edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi tarixi ədalətin bərpası, xalqın, özəlliklə gənc nəslin psixoloji ovqatı baxımından fövqəladə önəm daşıyır: “Bu Qələbə ilə milli qürurumuz qorundu, bu Qələbə ilə özümüzə gəldik, özümüzü tanıdıq. Bizi dünya da yaxşı tanıdı”.
Sərgi barədə fikirlərini bölüşən Q.Paşayeva deyib ki, Emin Aslanov yaradıcı yeni nəslin nümayəndəsi olaraq, plakatlarda həm müharibə, həm də müharibə sonrasını maraqlı detallarla, incəliklə əks etdirib: “Sərgi Vətən müharibəsinin ən yaddaqalan şüarını, Ali Baş Komandanımızın qətiyyətli əzmini, müzəffər Azərbaycan Ordusunun qüdrətini əks etdirir. Bu plakatlar real, hamımızın qürurla yaşadığımız tarixi günlərin sənədli faktlarıdır. Müəllifi bu uğurlu layihə münasibətilə təbrik edirəm. Qələbəmizin birinci ildönümü münasibətilə təşkil edilən bu sərgi yaddaşlarda dərin iz buraxacaq”.
Qənirə Paşayeva bu sərginin işğaldan azad edilmiş bütün bölgələrdə təşkil olunmasını arzulayıb.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Rəssamlar İttifaqı sədrinin müavini Rafiq Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Zəfər plakatlarında Ali Baş Komandanın qələbəyə səsləyən dəmir iradəsi, salnamə yazan Şuşa fatehləri, “Bir millət, iki dövlət” şüarı, torpaqlarımızı işğaldan xilas edən qalib Azərbaycan zabit və əsgərləri, eləcə də digər yaddaqalan fəxarətli məqamlar əksini tapıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.