Noyabrın 4-də Türkiyə Böyük Millət Məclisində (TBMM) “Azərbaycanın Vətən müharibəsində Zəfər bayramı” adlı fotosərgi açılıb.
Tədbirdə çıxış edən TBMM sədri Mustafa Şentop bildirib ki, Türkiyə parlamentində Azərbaycanla bağlı müxtəlif sərgilər keçirilib. Bu sərgi isə Azərbaycanın tarixi Zəfərinə həsr olunub. “Bugünkü sərgi fərqlidir. Bu sərgi insanların qələbə əzmini əks etdirir. Bu uca məclisdən Qələbənin simvolu Şuşaya salam olsun!”, deyə o vurğulayıb.
TBMM sədri qeyd edib ki, nümayiş etdirilən fotolar Azərbaycanın otuzillik işğala son qoymasının sübutudur.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirin təşkilinə göstərilən dəstəyə görə TBMM rəhbərliyinə təşəkkürünü ifadə edib.