İllər öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə yaradıcı əməkdaşlığa başlayan Sankt-Peterburq Musiqi Liseyi bu il də maraqlı konsert proqramı ilə Bakıda çıxış edib.
Noyabrın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim edilən “Sankt-Peterburqun musiqi xəzinəsi” adlı konsert proqramı Zəfər Günü, Sankt-Peterburq Musiqi Liseyinin 25 illiyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr edilib.
Öncə Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitali Romanov çıxış edərək bu konsertin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyinə minnətdarlığını bildirib: “Əminik ki, rus xalq çalğı alətlərində səslənən əsərlər öz nəfis təqdimatı ilə hələ uzun müddət dinləyicilərin yaddaşından silinməyəcək”.
Sonra liseyin müəllim ifaçıları tərəfindən 21 musiqi nömrəsindən ibarət proqram təqdim olunub. Zövq və peşəkarlıqla tərtib olunmuş konsert proqramı dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.