Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan, 26 oktyabr – 6 noyabr tarixini əhatə edən “Caz səsləri” (“Jazzery Voices”) silsilə tədbirlərinin sonuncu konserti Beynəlxalq Muğam Mərkəzində keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə gerçəkləşən layihənin Vətən müharibəsində tarixi Zəfərimizə həsr olunmuş “Jazz says Victory” konsert proqramı öz möhtəşəmliyi ilə yadda qaldı.
Konsertdən əvvəl Əməkdar mədəniyyət işçisi, jurnalist Rahib Azəri səhnəyə çıxaraq qonaqları salamladı və çıxış üçün sözü mədəniyyət naziri Anar Kərimova verdi.
44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə həyata keçirilən layihələr haqqında danışan nazir “Zəfər həftəsi” çərçivəsində təqdim olunan silsilə tədbirlərdə mədəniyyətin həm də ideoloji bir qüvvə olduğunu göstərməyə çalışdıqlarını bildirdi: “Otuzillik işğal nəticəsində bizim cənnət guşəmiz olan Qarabağ qədim mədəni dəyərlərindən kənarda qalmışdı. Məqsədimiz bu dəyəri və gücü Qarabağımıza qaytarmaqdır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bu prosesə başlanılıb. Bu yöndə müxtəlif layihələr həyata keçirilir. Biz Qarabağa ruhumuzu, kimliyimizi qaytaracağıq. Bu sırada caz sənəti də əsas yerlərdən birini tutur. Caz universal bir sənətdir. Musiqi özü universal gücdür və biz bu gücdən maksimum istifadə etməliyik. Azərbaycanda caz sənətinin zəngin ənənələri var və bu ənənəni davam etdirməliyik”.
Nazir çıxışının sonunda tamaşaçıları şanlı Zəfərimiz münasibətilə təbrik etdi.
Sonra Rahib Azəri bu il 100 yaşını qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, ölkəmizdə caz sənətinin inkişaf mərhələləri haqqında fikirlərini bölüşdü. Daha sonra silsilə caz konsertlərinin aparıcısı Anar Vəliyev səhnəyə dəvət olundu. A.Vəliyev rəngarəng çıxışlarla bol proqram haqqında tamaşaçılara məlumat verdi.
Səhnəyə ilk olaraq Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin nəzdində “Baku Brass Bing Band” kollektivi (dirijor və bədii rəhbər - Əməkdar incəsənət xadimi Əlibala Rzayev) çıxdı. Elə ilk notlardan orkestr zövqlü bir caz gecəsinin vəd edildiyini nümayiş etdirmiş oldu.
Xalq artisti Salman Qəmbərovun “Bakustik Caz” qrupunun çıxışı da gur alqışlarla qarşılandı.
Daha sonra layihənin digər iştirakçıları “Bakuba Band”, “Baku Brass Big Band”, Nicat Aslanovun “Forward Azerbaijan” kvarteti, Afşin Əlizadənin kvarteti, Arslan Növrəslinin caz heyətləri bir-birindən maraqlı nömrələrlə çıxışlar etdilər.
Qeyd edək ki, “Caz səsləri” silsiləsinə konsertlərlə yanaşı, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda elmi-yaradıcılıq konfransı, caz-vokal ifaçılığı üzrə ustad dərsi və seminar da daxil idi.
LALƏ