Musiqisevərlər onu daha çox arasıkəsilməz zəngulələri ilə yadda saxlayıb. Bu zəngulələr elə həzin, elə ürəyəyatandır ki, adamın birbaşa ruhuna sirayət edir. Görkəmli xanəndə, Azərbaycan muğam və opera sənətində öz dəst-xətti ilə seçilən Xalq artisti Baba Mirzəyev. Sənətkar aşıq, bəstəkar, xalq mahnı və muğamlarımızı ecazkar bir səslə oxuyub. Səhnədə canlandırdığı obrazların taleyini ruhu ilə yaşadığı üçün tamaşaçını öz sehrində saxlamağı bacarıb.
Baba Mahmud oğlu Mirzəyev (Baba Mahmudoğlu) 7 noyabr 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Kiçik yaşlarından musiqiyə maraq göstərib. Məktəbli ikən şaqraq və məlahətli avazı ilə diqqəti cəlb edib. Kəndlərində hər kəs Babanın musiqi sahəsi üzrə təhsil alacağını düşünsə də, o, orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mexanika fakültəsinə qəbul olunur. Ancaq Baba burada da musiqidən uzaq düşmür, birinci kursdan təhsil ocağının özfəaliyyət ansamblının solisti kimi aktiv fəaliyyət göstərir. Qrup yoldaşlarının məsləhəti ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gedir. Burada ustad xanəndə Seyid Şuşinskinin muğam dərslərində iştirak edir. Bu dərslər gənc Babanın qəlbində musiqiyə dərin maraq oyadır. O, asudə vaxtlarında öz üzərində daha çox çalışır, muğam sənətinin sirlərinə dərindən bələd olur.
Baba Mirzəyev 1959-cu ildə Moskvanın Qurultaylar Sarayında “Heyratı” muğamı ilə Həmkarlar İttifaqının V konqresi iştirakçılarının qarşısında çıxış edir. O, 1961-ci ildə institutu mühəndis ixtisası üzrə başa vurur. Təyinatla Bakıda Səttarxan adına Maşınqayırma Zavodunda aparıcı konstruktor kimi əmək fəaliyyətinə başlayır. Bir müddət sonra zavodun rəhbəri onun həm də bir musiqiçi olduğunu öyrənir. Beləliklə, Baba Mirzəyev zavodun Mədəniyyət sarayının mahnı və rəqs ansamblının solisti kimi də fəaliyyət göstərir.
Araşdırmalarda qeyd edilir ki, Baba Mirzəyevin sənət yolu, professional səhnə taleyi isə Azərbaycan Dövlət Opera və Balet Teatrından başlayıb. Görkəmli sənətkar bu barədə xatirələrində yazır: “Bir gün eşitdim ki, Opera və Balet Teatrında “Gözəl səslər” müsabiqəsi keçirilir. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqəyə qatıldım. Müsabiqədə iştirak edən 153 nəfər içərisindən birinciliyi qazandım. Bununla da Opera və Balet Teatrına solist qəbul olundum”.
Baba Mirzəyev 1970-ci ildə teatrın daimi truppasına daxil edilir. 2005-ci ilə kimi fasiləsiz olaraq muğam bölməsinin aparıcı solisti kimi bir çox opera tamaşalarında baş rolları böyük məharətlə ifa edir. Onun Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm” - Ü.Hacıbəyli), Şah İsmayıl (“Şah İsmayıl” - M.Maqomayev), Aşıq Qərib (“Aşıq Qərib” - Z.Hacıbəyov), Mirseyid (“Xanəndənin taleyi” - C.Cahangirov), Camal (“Gəlin qayası” - Ş.Axundova) və digər obrazları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xanəndənin sənət sahəsində biliklərini daha da dərinləşdirmək istəyi onu M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) da gətirib çıxarır. O, burada ikinci ali təhsil alır.
Baba Mirzəyev uzun müddət görkəmli bəstəkar, dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri, Xalq artistləri Əhməd Bakıxanovun, Baba Salahovun, Əməkdar artist Əhsən Dadaşovun rəhbərliyi ilə fəaliyyət göstərən ansamblların müşayiəti ilə konsertlərdə çıxışlar edib, musiqisevərlərin rəğbətini qazanıb. Sənətkar on il dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovla Mahnı Teatrının tərkibində qastrol səfərlərində olub, Azərbaycan musiqisini layiqincə təmsil edib.
Hazırda 200-dək mahnı və muğam onun ifasında Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılır.
Həm də musiqi təşkilatçısı olan Baba Mirzəyev 1980-ci ildə unudulan xalq mahnılarımızı yaşatmaq məqsədilə “Dastan” folklor ansamblını yaradır. Bundan sonra “Baba Mahmudoğlu” kimi çıxışlar edir. İlk dəfə olaraq klassik aşıq havalarını orijinal şəkildə folklor ansamblının ifasında lentə yazdırır. “Dastan” ansamblı ilə 63 ölkədə qastrol səfərlərində olur. Azərbaycan musiqisinin ecazkarlığını nümayiş etdirir.
Görkəmli xanəndə 1982-ci ildə “Əməkdar artist”, 1993-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub. Milli musiqi sənəti xəzinəsinə töhfələr verən Xalq artisti Baba Mahmudoğlu 6 dekabr 2006-cı ildə, 66 yaşında vəfat edib.
Savalan FƏRƏCOV