Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi yekunlaşıb.
2021-ci ilin may-oktyabr aylarında keçirilən müsabiqəyə ümumilikdə 15 simfonik əsər təqdim olunub. Münsiflər heyətində ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadənin sədrliyi ilə Xalq artisti, dirijor Fəxrəddin Kərimov, Xalq artisti, ABİ-nin İdarə heyətinin üzvü Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, ABİ-nin İdarə heyətinin üzvü, BMA-nın professoru, musiqişünas Həcər Babayeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, ABİ-nin üzvü Ayaz Qəmbərli təmsil olunublar.
Münsiflərin seçimindən sonra I yerə “Şuşa fəthi” əsəri ilə Tural Məmmədli, II yerə “İnsan” əsəri ilə Vüqar Məmmədzadə, III yerə “Qayıdış” əsəri ilə Elvin Quliyev layiq görülüblər.
Bundan əlavə, üç nəfər – İlahə İsrafilova, Aysel Əzizova və Üzeyir Məmmədov həvəsləndirici mükafata layiq görülüblər.
Müsabiqə qaliblərinə nazirlik tərəfindən diplom və pul mükafatları təqdim olunacaq.