Azərbaycanın ən yeni tarixinin şan və şərəf səhifəsi olan 44 günlük Vətən müharibəsində Zəfərin ildönümü dünyanın müxtəlif ölkələrində diplomatik nümayəndəliklərimizin, diaspor təşkilatlarımızın və bizə dost çevrələrin iştirakı ilə çeşidli tədbirlərlə qeyd edilib.
Roma. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən Romada “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabının təqdimatı və Şuşaya həsr olunmuş fotosərgi təşkil edilib.
Tədbirin keçirildiyi “Piazza di Spagna” mərkəzinin binası üzərində “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” yazılmış və Şuşa qalasının fotosu əks olunmuş baner yerləşdirilib, bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Həmmüəllifləri italiyalı professor Daniel Pommier Vinçelli və azərbaycanlı professor Elçin Əhmədov olan kitab UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə “Sandro Teti Editore” nəşriyyatında çap olunub. Kitabın ön sözünün müəllifi italyan alim, tarixçi və publisist Franko Kardini, son sözünün müəllifi isə İtaliyanın Azərbaycandakı sabiq səfiri, Genuya şəhərində Azərbaycanın fəxri konsulu Marqarita Kostadır.
Tədbir bu ilin mayında Şuşada Cıdır düzündə təşkil olunmuş “Xarıbülbül” musiqi festivalında gənc xanəndə Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamının səslənməsi və şəhərin görüntülərinin əks olunduğu videoyazının nümayişi ilə başlayıb. Tədbirin aparıcısı – italiyalı aktrisa Silvia Salvatori bu musiqinin uzun illər doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların keçirdiyi iztirabları və öz yurdlarına qayıtmaq arzusunu ifadə etdiyi üçün rəmzi məna daşıdığını bildirib.
İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatinin tədbir münasibətilə Azərbaycanın İtaliyadakı səfirinə göndərdiyi məktubu səsləndirilib. Sonra nəşrin italiyalı həmmüəllifi, professor Daniel Pommier kitabın əhəmiyyəti barədə danışıb.
Tədbir “Xarıbülbül” musiqi festivalında dünya şöhrətli xanəndə Alim Qasımov və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasından (bəstəkar Vasif Adıgözəlov) parçanın videoyazısı ilə davam edib.
Kitabın azərbaycanlı həmmüəllifi, professor Elçin Əhmədovun tədbir iştirakçılarına videomüraciəti nümayiş olunub. Sonra nəşriyyat evinin rəhbəri Sandro Teti kitabın ərsəyə gəlməsi barədə danışıb, nəşrin Qarabağ həqiqətlərinin dünyada, xüsusilə də İtaliyada tanıdılmasına verəcəyi töhfədən bəhs edib.
Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli və İtaliya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Stefano Luçidi çıxış edərək Vətən müharibəsi günlərində İtaliyanın Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyini diqqətə çatdırıblar.
İtaliyalı memar Pietro Laureano son aylarda Şuşaya səfərləri ilə bağlı təəssüratını bölüşüb. O, şəhərin tarixi memarlıq irsinin işğal dövründə dağıdıldığını qeyd edərək, hazırda Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə aparılan bərpa işləri barədə söz açıb, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməli olduğunu bildirib.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə natiqlərə, kitabın ərsəyə gəlməsində əmək sərf etmiş hər kəsə, habelə tədbirin iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir zamanı Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi çərçivəsində Füzuli və Qubadlı şəhərlərinin dağıntıları fonunda, eləcə də işğaldan azad olunmuş Suqovuşan və Hadrut qəsəbələrində azərbaycanlı musiqiçilərin ifasında lentə alınmış videoyazılar nümayiş olunub.
***
İslamabad. Zəfər Günü Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən paytaxt İslamabadda təntənəli şəkildə qeyd olunub. Tədbirə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Nadim Raza, rəsmilər, diplomatlar qatılıb.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik Mehman Novruzov çıxış ediblər. Hərbi attaşe sentyabr ayında ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə Azərbaycanda “Üç qardaş - 2021” təliminin keçirildiyini vurğulayıb.
Tədbirdə Azərbaycandan dəvət olunan sənətçilər Pərviz Abdullayev, Zeynəb Abdullayeva və Ruslan Cabbarov Azərbaycan xalq mahnılarını və rəqslərini ifa ediblər. Vətən müharibəsinə və Zəfər Gününə dair videoçarxlar, stendlər nümayiş etdirilib, ölkəmizlə bağlı kitablar, bukletlər, həmçinin Zəfər simvolu nişanları tədbir iştirakçılarına paylanıb.
***
Moskva. Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində 44 günlük Qarabağ müharibəsində Zəfərin ildönümü şərəfinə ziyafət təşkil edilib. Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, İsrail, Pakistan və Qazaxıstanın Moskvadakı səfirləri, Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu gecəni açaraq qeyd edib ki, bu gün hər bir azərbaycanlının və xüsusən mənim hisslərimi təsvir etmək çətindir: “Çünki mən əslən qarabağlıyam. Atamın evi Şuşadadır. Bütün bu 30 il ərzində Azərbaycan xalqı Qarabağa qayıtmaq xəyalı ilə yaşayıb. Zəfərin ildönümündə bu Qələbə uğrunda canlarından keçmiş şəhidlərimizi yad edirik. Onların şücaətini heç vaxt unutmayacağıq və onların xatirəsini daim qəlbimizdə saxlayacağıq”.
Səfir işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa işlərindən də danışıb, qısa müddətdə Füzuli şəhərində Beynəlxalq Hava Limanının tikildiyini, Şuşaya Zəfər yolunun çəkildiyini qeyd edib.
Türkiyə, İsrail və Pakistan səfirlərinə xitab edən P.Bülbüloğlu Qarabağ məsələsində daimi dəstəyə görə bu ölkələrə xüsusi təşəkkürünü bildirib.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar AZƏRTAC-a müsahibəsində Azərbaycanı Zəfər bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, Qarabağ müharibəsi başlayandan Türkiyə Azərbaycana tam dəstək göstərib. Bu gün Türkiyə xalqı Azərbaycanın Qələbə sevincini bölüşür.
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben-Tsvi yəhudi və Azərbaycan xalqlarının qardaş xalq olduğunu qeyd edib: “Yəhudilər Azərbaycanda yüz illərdir yaşayırlar. Biz bu ənənəni davam etdiririk”.
Pakistanın Moskvadakı səfiri Şəfkət Əli Xan da təbriklərə qoşulub: “Azərbaycan xalqı öz iradəsi və qətiyyəti ilə ölkənin ərazi bütövlüyünü bərpa edə bildi. Bu gün mən də azərbaycanlı bacı-qardaşlarım qədər xoşbəxtəm və bir daha Azərbaycan xalqını və Azərbaycan rəhbərliyini təbrik etmək istəyirəm”.
***
Daşkənd. Özbəkistan paytaxtındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Zəfər Günü qeyd olunub, özbək şairəsi Xasiyyət Rüstəmin Vətən müharibəsindən bəhs edən “44 gün” kitabının və “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” klipinin təqdimatı keçirilib.
Tədbiri alim və tərcüməçi Babaxan Şərif açaraq iştirakçıları salamlayıb, Özbəkistan-Azərbaycan dostluğundan danışıb. O, Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını Ermənistan işğalından azad etməsini tarixi hadisə adlandırıb və bu münasibətlə yazılmış “44 gün” kitabının əhəmiyyətini vurğulayıb.
AMM-in direktoru Samir Abbasov Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsi haqqında məlumat verib. Bildirib ki, müharibə ilə bağlı ilk kitablardan birini tanınmış özbək şairə Xasiyyət Rüstəm qələmə alıb.
S.Abbasov “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” klipi barədə də məlumat verərək bildirib ki, klipdə professional müğənnilərlə birlikdə gənc sənətçilər də yer alıb.
Sonra AMM-in layihəsi ilə çəkilmiş “Azərbaycan, Qarabağ, sülh və qələbə üçün oxu” klipi təqdim olunub.
Özbəkistan Milli Kitabxanasının direktor müavini Nəsibə Xaydarova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, “44 gün” kitabının müəllifi özbək şairə Xasiyyət Rüstəm və digər çıxış edənlər Qələbə münasibətilə Azərbaycan xalqını təbrik ediblər.
***
Madrid. İspaniya paytaxtında Azərbaycanın Zəfər Günü münasibətilə qəbul keçirilib. Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirə bu ölkənin rəsmiləri, diplomatik korpusun təmsilçiləri, deputatlar qatılıb.
Səfir Ramiz Həsənov çıxış edərək bildirib ki, 44 günlük müharibədə Prezident İlham Əliyevin qətiyyəti nəticəsində, beynəlxalq hüququn normaları rəhbər tutularaq, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, 30 ilə yaxın mövcud olmuş münaqişə başa çatdı. Hazırda regionumuzda yeni reallıqlar yaranıb, sülh və sabitliyin möhkəmləndirilməsi, regionun yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəmin mövcuddur.
Tədbirdə Milli Məclisin deputatları – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr qrupunun rəhbəri Sevil Mikayılova da Zəfər Günü ilə bağlı ürək sözlərini bölüşüblər.
Bayram mərasimi konsertlə davam edib. Muğam ifaçısı Səbinə Ərəbli, Əməkdar artist Ələkbər Ələkbərov (tar), Əməkdar artist Xəyyam Məmmədov (kamança), İspaniyada yaşayan gitaraçı Cəmil Quliyev və opera ifaçısı Təhminə Vəkilova çıxış ediblər.
***
Tehran. Noyabrın 8-də Azərbaycanın İrandakı Səfirliyi də Zəfər Günü ilə bağlı rəsmi qəbul təşkil edib. Tədbirdə İran Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin İrandakı diplomatları, Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.
Öncə səfirlik əməkdaşlarının övladları tərəfindən çəkilən rəsmlərdən ibarət “Şanlı Qələbəmiz” mövzusunda sərgiyə baxış keçirilib.
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himnləri səsləndirilib.
Səfir Əli Əlizadə çıxışında 44 günlük Vətən müharibəsinin hər bir gününün şanlı tarix olduğunu vurğulayıb. Bildirib ki, öz əzəli torpaqlarını işğaldan azad edən Azərbaycanın şanlı Qələbəsi eyni zamanda ədalətin və beynəlxalq hüququn zəfəridir. Hazırda işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq və bərpa işlərinin aparıldığını diqqətə çatdıran səfir Azərbaycanın beynəlxalq hüquqa, sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu deyib.
Tədbir səfirliyin əməkdaşlarının övladlarının və “Aylan” rəqs qrupunun “Qarabağ”, “İgidlər” və digər Azərbaycan xalq rəqslərinin, eləcə də Azərbaycana aid müxtəlif videoçarxların nümayişi ilə davam edib.