Sankt-Peterburqda Milli Xalça Muzeyinin təşkilatçılığı ilə inklüziv sərgi açılıb

 

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitajının əsas binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi təşkil edilib. Noyabrın 12-də açılışı keçirilən sərgi Dövlət Ermitajı və Azərbaycan Milli Xalça Muzeyinin (AMXM) təşkilatçılığı, “Cartier” Zərgərlik-Saat Evinin (Fransa) dəstəyi ilə reallaşıb.

Əsasən görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş inklüziv layihənin muzey təcrübəsində tətbiq olunan bir sıra yenilikləri bütün kateqoriyalı ziyarətçilər üçün də maraqlıdır. Artıq muzeydə eksponatla tamaşaçı arasındakı “Əllərinizlə toxunmayın!” qadağasına əsaslanan maneə aradan qaldırılır. Vizual təəssüratları taktil üsulla tamamlamaq üçün bu eksponatlara əllə toxunmaq (pandemiya ilə bağlı tələbləri nəzərə alaraq, ziyarətçilər birdəfəlik əlcəklərlə təmin olunur) olar.

Sərgidə Rembrandtın Leyden (ABŞ) kolleksiyasında qorunub saxlanılan “Gözlərinə kölgə salınmış avtoportret” əsərinin relyef modeli təqdim olunur. Model ilk dəfə 2018-ci ildə Ermitajda “Rembrandt və Vermeer epoxası. Leyden kolleksiyasının şedevrləri” sərgisində ictimaiyyətə təqdim olunub.

Sərginin digər bölməsi Ermitajda qorunub saxlanılan Pəncikəndin məşhur freskalarına həsr olunub. Belə ki, inklüziv sərgi üçün bu freskalar əsasında ərsəyə gətirilmiş taktil barelyeflər və onların animasiya edilmiş süjetləri hazırlanıb.

Eksponatların bir hissəsi – yurta (çadır) üçün keçə örtüyü fraqmentinin replikası Sankt-Peterburq mütəxəssisləri tərəfindən hazırlanıb. Layihənin digər hissəsi isə – dünyanın ən qədim xovlu xalçası hesab edilən “Pazırıq” xalçasının taktil fraqmentləri Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində yaradılıb.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak ediblər. Sərginin açılışı pandemiya ilə əlaqədar olaraq onlayn şəkildə baş tutub.

Sərgini açan Dövlət Ermitajının direktoru Mixail Piotrovski layihə haqqında məlumat verib, əməkdaşlığa görə Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. O, sərgidə nümayiş olunan eksponatlardan biri – “Pazırıq” kurqanındakı yurta örtüyünün atlı və ilahi təsviri olan keçə fraqmentinin taktil nümunəsini Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edib. Bütün eksponatların mobilliyini qeyd edən M.Piotrovski onların yaxın gələcəkdə bu muzeyin ənənəsinə çevrilmiş Ermitaj günlərində dünyanın bir sıra ölkələrində nümayiş etdiriləcəyini bildirib.

Şirin Məlikova çıxış edərək 2019-cu ildə Milli Xalça Muzeyinin təqdim etdiyi görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş “Sərhədsiz muzey” layihəsi haqqında məlumat verib. Bu layihənin Azərbaycanın muzey işində inklüziv istiqamətdə inkişafın flaqmanı olduğunu deyən direktor bildirib ki, muzeyin eksperimental laboratoriyasının mütəxəssisləri əsas kimi özündə xovlu və xovsuz toxumanı birləşdirən qədim texnologiyadan istifadə ediblər. Bu texnologiya əsasında bir neçə il əvvəl taktil təəssürat üçün əlçatan olan relyef replikaları işlənib hazırlanıb. 2019-cu ildə bu layihənin təqdimatında UNESCO proqramı çərçivəsində Bakıya ustad dərsləri keçmək üçün gəlmiş Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkiel də iştirak edib. O, sözügedən layihədən ilhamlanıb, Ermitajda bu barədə danışıb və bunun sayəsində əməkdaşlıq yaranıb. İ.Malkiel Ermitajın bu layihəsinin kuratorudur. Ermitajın laboratoriyasında “Pazırıq” xalçası üçün rəng şkalası hazırlanıb, Azərbaycan Milli Xalça Muzeyinin laboratoriyasında isə müəyyən çalarda yun seçilib və iplər təbii boyalarla boyanıb. Bundan sonra muzeyin Ənənəvi texnologiya şöbəsində fraqmentlərin çeşniləri yaradılıb və onların əsasında məşhur Ermitaj eksponatının taktil replikaları toxunub.

“Cartier” Zərgərlik-Saat Evinin Rusiya və MDB ölkələrində marketinq və kommunikasiya üzrə direktoru Sergey Xiruntsev çıxışında deyib: “Biz şadıq ki, Dövlət Ermitajı insanların fiziki vəziyyətindən asılı olmayaraq dünya incəsənəti şedevrlərinin onlar üçün əlçatan olmasını təmin etmək imkanlarını axtarmaqda davam edir. Bu, “Cartier” evinin dəyərlərinə və öhdəliklərinə tamamilə uyğundur. Bu təşəbbüsün bir hissəsi olmaq bizim üçün fəxrdir”.

Qeyd edək ki, sərgi dekabrın 12-dək davam edəcək.