Noyabrın 26-dək dahi şairin söz işığında silsilə tədbirlər təşkil olunacaq


Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda dahi şairin zəngin irsinin təbliği və daha geniş auditoriyaya çatdırılması məqsədilə silsilə tədbir və layihələr davam edir. “Nizami Gəncəvi İli” geniş anlamda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin bayramıdır.

Dövlət başçısının müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair” Tədbirlər Planına əsasən, 15-26 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.

Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri nəzərdə tutulub.

Festivalın ilk günündə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert – vokal musiqisi axşamı keçirildi.

Konsertdən öncə mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirdi ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Nəsiminin, Nizaminin adı ilə əlamətdar illərin elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə nə qədər böyük diqqət və qayğının olduğunu nümayiş etdirir: “Onların yaratdığı ölməz əsərlər ölkəmizdə və xaricdə təbliğ edilir. Hər bir cəmiyyətin inkişafına böyük mütəfəkkirlərin təsiri olur. Nizami Gəncəvi o dahilərdəndir ki, Azərbaycan fəlsəfi fikrinin və milli dəyərlərinin dünyada tanıdılmasına xidmət edib. Nizaminin XII əsrdəki humanist ideyaları XXI əsrdə də aktualdır”.

Nazir Nizami yaradıcılığının Azərbaycanın və Yaxın Şərqin mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açdı. Qeyd etdi ki, dahi şairin lirikası, poemalarının müxtəlif süjetləri rəssamlıq, musiqi, teatr, balet və başqa sahələrin inkişafına töhfələr verib.

Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Festivalı haqqında da məlumat verdi. Bildirdi ki, festival çərçivəsində 15-26 noyabr tarixində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək: “Zəngin proqrama malik festivalın Beynəlxalq Muğam Mərkəzində təşkil edilən ilk konserti Nizaminin sözlərinə yazılmış vokal əsərlərin təqdimi ilə başlayır. İnanıram ki, dahi Nizaminin sözlərinə Azərbaycanın görkəmli bəstəkarlarının yazdıqları əsərlər bu gün konsertə gələn hər kəsdə xoş ovqat yaradacaq”.

Daha sonra konsert proqramı təqdim edildi. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə bəstələdikləri əsərlər səsləndirildi.

Konsertdə tanınmış vokalçılar – Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artist İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edirdi.

Gecədə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası tələbə xorunun çıxışı da maraqla qarşılandı.

***

Festivalın ikinci günü Gəncə şəhərində Nizami Poeziya Teatrının “Nizami işığında” tamaşası və Bakıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub.

Festival çərçivəsində noyabrın 17-də Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin və Azərbaycan Milli Konservatoriyası tələbə xorunun konserti olacaq.

Noyabrın 18-də Azərbaycan Dövlət Mahnı Teatrında N.Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış tamaşa təqdim ediləcək. 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası, 20 noyabrda isə Gəncə Dövlət Filarmoniyasında “Xəmsə” estrada qrupunun çıxışı olacaq.

Həmin gün Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılacaq, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə F.Əmirovun “Nizami” baleti nümayiş olunacaq.

22 noyabrda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans və sərgi, Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəvi. Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” elektron məlumat bazasının təqdimatı keçiriləcək.

Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə “Xəmsə” motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.

24-26 noyabr tarixində yerli və xarici elm adamlarının, nizamişünasların iştirakı ilə Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum keçiriləcək. Festival noyabrın 26-da Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konserti ilə yekunlaşacaq.

LALƏ