Bakıda Latviya animasiya filmləri festivalı
Latviya Respublikasının Azərbaycandakı Səfirliyi və “Park Cinema”nın birgə təşkilatçılığı ilə 15-21 noyabr tarixində “Kiçik bir millət – böyük animasiya” adlı festival keçirilir.
Festivalın “Fairmont Baku” hotelində təşkil olunan açılışından əvvəl Latviyanın tanınmış animasiya filmləri rejissoru Vladimirs Lesçiov (Leschiov) ölkəsində animasiya sənətinin inkişafı barədə məlumat verib. Bildirib ki, Baltikyanı ölkələr arasında Estoniya hər zaman animasiya filmləri üzrə lider olub: “Son zamanlar Latviya bu sahədə bir qədər uğur qazanıb. Ancaq Estoniya bizim üçün bir məktəb sayılır. Çünki onların çəkdiyi animasiyalar dünyanın bütün ölkələrində qəbul olunur”.
Rejissor festivalda təqdim olunacaq “Elektrikçinin günü” animasiya filmi haqqında danışaraq qeyd edib ki, film pandemiyadan əvvəl çəkilsə də, bu günlə səsləşir. Hər kəs filmin ideyasını fərqli formada qəbul edir. Ekran əsəri daha çox özünütəcriddən bəhs edir. Filmin böyüklər üçün nəzərdə tutulduğunu deyən rejissor bildirib ki, uşaqlar üçün mövzu tapmaq olduqca çətindir. İndi onları Şaxta baba, qurd və ya dovşanla aldatmaq olmur.
Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək festival haqqında məlumat verib. Bildirib ki, Latviyanın müstəqilliyinin 103-cü ildönümü münasibətilə səfirlik Bakıda bir neçə tədbir keçirir: “Kiçik bir millət – böyük animasiya” adı altında təqdim olunan festival belə tədbirlərdən biridir. Latviyanın təqdim etdiyi animasiyalar həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Festival çərçivəsində ölkənin tanınmış rejissorlarının filmləri nümayiş olunacaq. Festival çərçivəsində V.Leşçiov ustad dərsi də keçəcək, eyni zamanda müsabiqə elan olunacaq. Müsabiqəyə qatılmaq üçün festivalda nümayiş olunan filmlərə baxmaq gərəkdir. İştirakçılar Latviya ilə bağlı və sevimli animasiya personajı haqqında düşüncələrini yazmalıdır. Qalib gələn şəxs Riqaya iki bilet əldə edəcək”.
Açılış günü V.Lesçiovun “Elektrikçinin günü” filmi nümayiş olunub. Hər gün 2 seansla davam edən festivalın proqramına “Yeni ili gözləyirik”, “Yağışlı günlər” və “Qanadlar və avarlar” filmləri də daxildir.