Dekabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçiriləcək.  Cazsevərləri bir araya toplayacaq konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edəcəklər.

İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçısı kimi tanınsa da, onun məhz bəstəkar kimi yaratdığı musiqi əsərləri şöhrət qazanıb, caz pərəstişkarlarını özünə cəlb edib.

“Avişai Kohen trio” Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyaları təqdim edəcək.

Avişai Kohenlə birlikdə səhnəni paylaşacaq azərbaycanlı pianoçu və bəstəkar Elçin Şirinov son 3 ildir onunla sıx əməkdaşlıq edir və “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında iştirak edib.

Trionun digər iştirakçısı – baraban ifaçısı Roni Kaspi İsraildə dünyaya gəlib, hazırda ABŞ-da yaşayır.

“Avişai Kohen trio”nun konsertinə biletlər Heydər Əliyev Mərkəzinin kassasında, iTicket.az saytı və kassalarında satılır.

Zala giriş COVİD-19 pasportu (peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.