Vizual ədəbiyyatın ekran dilini yumşaldan, təsvir vasitələrini emosionallıqla müşayiət edən musiqilərin kinonun həyatımızın ayrılmaz hissəsinə çevrilməsində xidməti əvəzsizdir.  Kino bəstəkarlarının yaradıcılığını, filmlərə yazılan musiqilərin böyük bir heyətin (əsasən də simfonik orkestrin) ərsəyə gətirdiyini düşündükdə isə ekran hadisələrini musiqilərdə həssaslıqla cilalayanların əməyi göz önündə canlanır, kollektiv sənət anlayışı daha geniş formada təsdiqini tapır.  

Azərbaycan kino sənətinə məzmunlu musiqilərlə baxımlılıq gətirən, ekran hadisələrini rəngarəng, müxtəlif janrlı musiqiləri ilə zənginləşdirən, obrazların hadisələrə fərdi münasibətini, həyat tərzini, hiss və duyğularını emosionallıqla şərh edən görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev (1917-2000) də bu sahədə yaradıcılığı ilə milli kinomuzun şöhrətini artırıb. Unudulmaz bəstəkar haqqında nə yaxşı ki, zamanında bu musiqiləri kinomuza ərməğan edib deyə düşünəndə, 40-dan çox filmə yazdığı musiqilərin çeşidliliyini, filmlərin janr müxtəlifliyini də yada salır, yaradıcılıq intuisiyasına, dərin musiqi duyumuna, yüksək bəstəkarlıq qabiliyyətinə, zəngin dünyagörüşünə heyran olursan. 

Çoxşaxəli yaradıcılığa malik olan Tofiq Quliyevin kinodakı fəaliyyətinin tarixi 1940-cı ildən başlayır. Azərbaycan kinosunun öncüllərindən olan rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı (rejissor Vladimir Yeremeyevlə birgə) “İyirminci bahar” sənədli filminə musiqi yazan (Niyazi ilə birgə) bəstəkar bundan sonra 26 bədii, 27 sənədli filmin musiqi müəllifi olub. Tofiq Quliyevin kino musiqilərində hadisələrə uyğun həyat lövhələri təcəssüm olunur, rəngarəng melodiyalar kino bəstəkarının ciddi iş prinsipini təcəssüm etdirir, kino sahəsində baş verən müvəffəqiyyətə gedən yolun çətinliyini, məsuliyyətini anladır, bu sahəyə dəvət alan digər gənc bəstəkarlara da düzgün sənət istiqaməti verirdi.  

Kino musiqiləri hadisələri və obrazların fərdiyyətini, xarakterini təhlil edir, bəstəkarlarla rejissorların yaradıcılıq tandemi əsasən eyni məqsədə yönəlir, fikir və yaradıcılıq bir amala xidmət edir. Ekran hadisələrini müşayiət edən musiqilər təəssüratları dərinləşdirir, emosional təsir yaradır, hadisələr müxtəlif sənət nümunələrinin vəhdətində yüksək sənətkarlıqla əks etdirilir.

Görkəmli bəstəkarın filmlərdəki yaradıcılığının böyük bir hissəsini romantik musiqilər və mahnılar təşkil edir. Tofiq Quliyevin müxtəlif (tarixi, detektiv, sosial) janrlı filmlərə yazdığı bu tip musiqilər onu göstərir ki, ekran hadisələrinin, həmçinin obrazların xarakterini şərh edən romantik üslub dərin həyat məzmunu daşıdığı təqdirdə məntiqli olur, düşüncələrə sirayət edir. Janra uyğunlaşdırılan musiqilər obrazların keyfiyyət əlamətlərini, fikirlərin əsaslılığını, dərinliyini sübut edir. Yalnız belə olan halda vizual ədəbiyyatdakı hadisələri müşayiət edən musiqilər fikirlərin dərinliyini duymağa (yaşamağa) kömək edir, melodiya və mahnılar könül nəğməsinə, dillər əzbərinə çevrilir.

Tofiq Quliyevin “Səbuhi”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Görüş”, “Qızmar günəş altında” və digər filmlərə yazdığı musiqilər  “ürək ağıldan tez görür” fikrini təsdiqləyir, ekran hadisələrini ürəklə ağlın vəhdətində izləməyimizə imkan yaradır. Melodiyalardan əlavə obrazların daxili mənini təsdiqləyən, hiss və duyğularını ifadə edən mahnılar isə aktyorların potensialını (artistizm qabiliyyətini) daha geniş şəkildə əks etdirməyə yardımçı olur, romantik duyğuları fərdi təqdimatlarda tamamlayır.

“Görüş” kinokomediyasında “Arzular” (ifa edir Şövkət Ələkbərova), “Bəxtiyar” kinokomediyasında “Əziz dost”, “Üzüyümün qaşı” (ifa edir Rəşid Behbudov), “Ögey ana” filmində “Lay-lay” (ifa edir Şövkət Ələkbərova), “Möcüzələr adası”nda “Lirik mahnı” (ifa edir Anatollu Qəniyev), “Onu bağışlamaq olarmı?”da “Sevgi nəğməsi”, “Telefonçu qız”da “Gəlmədi” (ifa edir Mirzə Babayev) və digər mahnılar hadisələrin dərindən duyulmasına, obrazların psixologiyasının tanıdılmasına şərait yaradır.

Azərbaycan kinoaktyorlarının romantik teatr ənənələrindən yararlandıqları köklü örnəkləri var. Romantik və realist ənənələri layiqincə davam etdirən, yaddaşımızda iz salan sənət bilicilərinin bu mənada qüsursuz danışıq, hərəkət ustalığı ilə yanaşı, daxili və zahiri dinamikanı, həmçinin romantizm boyalarını diqqətdə saxlayan zəngin tələffüzləri, zərif plastikaları, şövqlü yaradıcılıq üslubuna malik priyomları, potensialları yaradıcılıq nailiyyətlərinə səbəb olur. Bunu zamanında görən, seçimində yanılmayan kinematoqrafçılar kinonu ustalıqla sənət nümunəsinə çevirir, milyonları riqqətə gətirməyi bacarırlar. Məsələn, tarixi-bioqrafik janrda çəkilən “Nəsimi” filmində hadisələrin gərginliyini, dramatikliyini aktyorlarla yanaşı musiqilər də şərh edir. Bəstəkar yaradıcılığı iddialı, mürəkkəb xarakterli obrazların ruh halını musiqi vasitəsilə emosionallıqla çatdırır, əsasən də filmin baş qəhrəmanın romantik (həmçinin müdrik) ruhunun cilalanması, kəşf edilməsi üçün imkan yaradır, musiqi parçalarının köməyi ilə insanlığın yüksəlişi, dəyərləndirilməsi ideyası fövqəladə şəkildə tərənnüm olunur. Zülmün, qırğın və qovğaların bitməsini diləyən ümid dolu qəlblərə haqq yolunda mübarizlik nəsihət olunur. Beləliklə də, vacib həyat missiyasını musiqilərində təbliğ edən bəstəkar realist yaradıcılıq prinsipi daxilində müdrik kino anlayışını həm yaradır, həm də yüksək səviyyədə təsdiqləyirdi.

Kinoda musiqinin vacibliyini sübut etdiyinə, yaradıcılıq üstünlüklərinə görə bir çox rejissorlar filmlərinin taleyini Tofiq Quliyevə həvalə edir, ekran əsərlərindəki musiqi və mahnılar ayrı-ayrılıqda uğura uğur qatırdı.

Heç də təsadüfi deyil ki, görkəmli kinorejissor Həsən Seyidbəylinin ssenari müəllifi və rejissoru olduğu altı filmin musiqisi məhz Tofiq Quliyevə məxsusdur.

Ekran hadisələrini dərindən duyan bəstəkar, dram janrlı filmlərlə yanaşı, kinokomediyalara da musiqilər yazıb, məzəli melodiyalar gülüş doğuran hadisələri vəziyyətlər,  mahnılar isə komik xüsusiyyətləri xarakterlər komediyası çərçivəsində şərh edib. Gözlənilməz hadisələrlə rastlaşan, gülməli vəziyyətlərə düşən personajların (“Bəxtiyar”, “Qayınana”, “Dərviş Parisi partladır” və s.) fərdi cəhətlərini musiqilər xarakterizə edir, müxtəlif düşüncələrə, xüsusiyyətlərə malik personajlar musiqinin təsiri vasitəsilə münasibətlərini bildirirlər. “Qayınana” kinokomediyasında filmin başlanğıcında qısa-qısa səslənən qarışıq melodiyalar filmdəki məzəli hadisələri anons etməklə yanaşı, hadisələrin komik şəkildə cərəyan edəcəyini, obrazların baməzə xarakterli olacağını çatdırır.

Filmlərə yazdığı mahnılara düzgün ifaçı seçməklə də bəstəkar ekran əsərlərinin yaddaşlara hopmasına şərait yaradıb, məsləyi qarşısındakı böyük məsuliyyəti sayəsində bir çox müğənnilərin (kino vasitəsilə) daha da sevilməsinə, məşhurlaşmasına imkan verib. “Məhəbbət çırağı” – Flora Kərimova, Akif İslamzadə, “Sevinsənə, gülsənə” – Yalçın Rzazadə (“Qayınana”), “Kababçının mahnısı” – Mirzə Babayev (“Şir evdən getdi”), “Yox, yox, yox” – Gülağa Məmmədov (“Sən niyə susursan?”), “Coş, dənizim” – vokalistlər (“Möcüzələr adası”),  “İstəmə”, “Ey qafil, oyan!” – Gülağa Məmmədov, “Söylədi yox” – Zeynəb Xanlarova (“Nəsimi”), “Sevgi nəğməsi” – Şövkət Ələkbərova  (“Onu bağışlamaq olarmı?”), “Dərvişin mahnısı” – Mirzə Babayev (“Dərviş Parisi partladır”), “Sevməmək olmaz” – Şövkət Ələkbərova, “Eldarın mahnısı” – Mirzə Babayev (“Qızmar günəş altında”) və digər filmlərə yazılan mahnılar fərdi repertuarlara köçən, bu gün sevilərək ifa edilən, diqqətlə dinlənilən mahnılardır. 

Həyata fərqli, humanist baxışını yaradıcılığına yansıdan, ekran hadisələrinə qəlbinin dərinliklərindən süzülüb gələn melodiyalarla həssaslıq gətirən, nəfəs, ruh verən ibrətamiz sənət missiyasına və şəxsi üstünlüklərinə görə qəlblərdə iz salan musiqi sərrafının kino bəstələri filmlərin leytmotivini dolğun təcəssüm etdirdiyinə görə zümzüməmizdə belə filmləri dönə-dönə xatırlamağımıza, düşünüb nəticə çıxarmağımıza rəvac verir. Əsl sənətkar qüdrəti də sənətini yüksəklərdə, yaddaşlarda saxlamaq, qəlblərə yazmaqdır...    

Şəhla ƏMİRLİ
kinoşünas