YARATın Bərdədə sərgisi davam edir

 

Vətən müharibəsi dövründə Bərdə şəhəri Ermənistan ordusunun dinc əhaliyə qarşı hücumlarının əsas hədəflərindən biri olub. YARAT Müasir İncəsənət Məkanının Bərdədə təşkil etdiyi “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisi davam edir.

Yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət sərgi 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəmanlıq tarixinin və Dağlıq Qarabağ münaqişəsi adı altında otuz ilə yaxın davam etmiş erməni işğalçılığının sənət proyeksiyasıdır.

Ekspozisiyada Ağababa Bağırov, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Süleymanov və Nurəhməd Vəliyevin instalyasiya, fotoqrafiya və rəqəmsal sənət əsərləri yer alıb.

Sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” (musiqi Əlibaba Məmmədov) mahnısından götürülüb. Bu mahnı həmçinin Rəşad Ələkbərovun sərgidə nümayiş olunan instalyasiyasının tərkib hissəsidir.

Sərgi 2022-ci il fevralın 4-dək ziyarətçilər üçün açıqdır.