İznik keramika lövhəsinin açılış mərasimi olub


Parisdə – UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika lövhəsinin açılış mərasimi olub.

Mərasimdə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, qurumda akkreditə olunmuş səfir və daimi nümayəndələr iştirak ediblər.

Yavuz Səlim Kıran çıxış edərək, əvvəlcə Türkiyənin növbəti dəfə UNESCO İcraiyyə Şurasına üzv seçilməsinə dəstək verən ölkələrə təşəkkürünü bildirib. O, UNESCO-nun 75 illiyini təbrik edərək, ölkəsinin qurumun fəal üzvü olduğuna görə qürur duyduqlarını bildirib. İrqçiliyin, islamofobiyanın intişar tapdığı çağdaş dünyada UNESCO-nun sülh və birgəyaşam mesajlarının yayılmasında ölkəsinin əməkdaşlıq edəcəyini vurğulayan nazir müavini Türkiyənin İcraiyyə Şurası, eləcə də Baş Konfransa sədrliyi çərçivəsində quruma verdiyi töhfələrdən söz açıb.

Türkiyə XİN başçısının müavini UNESCO-ya hədiyyə edilən sənət əsəri haqqında məlumat verərək İznik şəhərinin XII əsrdən bəri çini (keramika) sənətinin mərkəzi kimi tanındığını diqqətə çatdırıb. Bildirib ki, İznik çini sənəti Türkiyənin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alan 20 nümunəsindən biridir. Türkiyəyə gələn milyonlarla qonaq məscid və sarayların divarlarında bu sənətə heyran qalırlar.

“Nəfis əl işi olan İznik çini lövhəsinin UNESCO-ya hədiyyə edilməsini işbirliyimizin önəmli işarəti kimi görürük”, – deyə Yavuz Səlim Kıran bildirib.

Sonra Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika lövhəsinin açılışını bildirən rəmzi lent kəsilib.

Xatırladaq ki, noyabrın 17-də Baş Konfransını 41-ci sessiyası çərçivəsində keçirilən səsvermədə Azərbaycanla bərabər Türkiyə də 2021-2025-ci illər üzrə UNESCO İcraiyyə Şurasına üzv seçilib. 2017-ci ildən İcraiyyə Şurasında təmsil olunan Türkiyə növbəti dörd il müddətində də UNESCO-nun ali icra qurumunda yer alacaq.