Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “EnergaCAMERIİMAGE” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində iştirak edir. Festival 13-20 noyabr tarixində Polşanın Torun şəhərində keçirilir.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.
Festivala filmin yaradıcı heyətindən rejissor, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov, təsvir rejissoru Mateuş Çuxnovski və “focus puller” (operator assistenti), “Azərbaycanfilm”in texniki direktoru Rəşad Səməd qatılıb.
Qeyd edək ki, “EnergaCAMERİMAGE” festivalı qısametrajlı sənədli filmlər kateqoriyasında Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən “Academy award” (“Oskar”) təsnifatı ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERİMAGE”da müvafiq bölmədə qaliblər (“Qızıl qurbağa” mükafatçıları) müvafiq qaydalara uyğun olması şərtilə “Oskar” mükafatları üçün də nəzərdən keçiriləcək.
Festival çərçivəsində kino avadanlıqları sərgisi də keçirilib. “ARRİ”, “Leica-Leitz”, “ZEİSS”, “Cooke”, “Sony”, “Canon”, “Hawk-Anamorphic Lenses” və digər film texnikası istehsalçılarının ən son yenilikləri olan kamera, işıq, lens məhsulları sərgidə təqdim olunub. Bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq məqsədilə danışıqlar aparılıb.