Azərbaycan musiqi mədəniyyətinə itki üz vermişdir. Rusiyada yaşayan azərbaycanlı bəstəkar, respublikamızın Əməkdar incəsənət xadimi Asya Sultanova 22 noyabr 2021-ci ildə ömrünün 99-cu ilində dünyasını dəyişmişdir.

Asya Baxış qızı Sultanova 16 oktyabr 1923-cü ildə Bakıda anadan olmuşdur. 1942-1944-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq-nəzəriyyə fakültəsində təhsil almış, daha sonra təhsilini Moskva Dövlət Konservatoriyasında V.Şebalinin sinfində davam etdirmişdir. A.Sultanova Moskva Konservatoriyasını 1950-ci ildə E.Qolubevin sinfində bitirmişdir. Bundan sonra Moskvada yaşayıb fəaliyyət göstərən həmvətənimiz Rusiya Bəstəkarlar İttifaqının üzvü olmuşdur.

Asya Sultanovanın yaradıcılığı janr rəngarəngliyi ilə seçilir. O, kamera-instrumental və vokal əsərlərin, orkestr əsərlərinin, uşaqlar üçün mahnıların və fortepiano pyeslərinin, teatr və kino musiqisinin müəllifidir. Xüsusilə mahnıları ona şöhrət gətirmişdir. Yaddaqalan melodiyalara malik bu mahnılar rus estrada mahnısı ilə Azərbaycan milli musiqisinin cizgilərini özündə birləşdirərək, mahnı janrının inkişafına töhfələr vermişdir. A.Sultanovanın mahnılarını bir sıra məşhur müğənnilər – Tamara Miansarova, Yuri Qulyayev, Yuri Boqatikov, İrina Brjevskaya, Vadim Mulerman, həmçinin böyük müğənnilərimiz Rəşid Behbudov və Müslüm Maqomayev ifa etmişlər. Onun “Azərbaycan” – səs və orkestr üçün poeması Ümumittifaq Radiosunun fondunda yazıya alınmış və Rusiyanın müxtəlif konsert səhnələrində səsləndirilmişdir.  

A.Sultanovanın yaradıcılığının mühüm hissəsini filmlərə yazdığı musiqilər təşkil edir. O, “BAM-dan məktublar”, “Kazakovun briqadası”, “Ölkənin gənc sahibləri”, “Maksimalistlər”, “Şərq küləkləri”, “Yaşamaq hüququ”, “Böyük gələcəyə yol”, “Duz və çörək”, “Rəssam Toğrul”, “Konstantin Simonov”, “Məhəbbətimin tarixi”, “Ulduz şəhərciyində iki gün” və s. filmlərə musiqi yazmışdır.

Azərbaycandan kənarda yaşasa da, Asya Sultanova öz Vətəni ilə əlaqəni kəsmir, Bakıya tez-tez gəlirdi. O, Azərbaycan Bəstəkarlar İttifaqının da qonağı olur, burada dostları və yaradıcı həmkarları ilə görüşürdü.

Gözəl insan və bəstəkar Asya Sultanovanın xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin.

Azərbaycan Bəstəkarlar İttifaqı