“Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” mövzusunda beynəlxalq konfrans keçirildi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Bakıdakı Daş Salnamə Muzeyində Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirildi.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli tədbir iştirakçılarını salamlayaraq beynəlxalq konfrans haqqında məlumat verdi. Bildirdi ki, konfransda mövzu üzrə dörd sessiya keçiriləcək, həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq. Sonra söz çıxışçılara verildi.
“Abidələr: Azərbaycan irsinin daş yaddaşı” adlı birinci sessiyada çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirdi ki, bu gün daha çox postmünaqişə dövründən danışsaq da, düşmənin əvvəlki cinayətlərinə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır: “Hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlərə başlanılıb. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir”.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirdi ki, Azərbaycan memarlıq məktəbi dünyada yetərincə tanınır. Qarabağ memarlıq məktəbi də bu məktəblər arasında xüsusi yer tutur: “Qarabağ memarlıq məktəbinin inkişafı müəyyən dövrdə müxtəlif formalarda olub. Biz bilirik ki, bu abidələr bizim xalqa məxsusdur. Ancaq biz bunu bütün dünyaya bildirməliyik. Bugünkü konfrans da bu yöndə atılan addımlardan biridir”.
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger qeyd etdi ki, ölkəsində mədəni irsin qorunması diqqətdə saxlanılır: “Biz fəxr edirik ki, dünyanın hər yerində mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul oluruq. Azərbaycanda da Mədəniyyət Nazirliyi ilə 2018-ci ildə Qubadakı günbəzli binanın abidəsi üzrə çalışmışıq. Azərbaycan öz mədəni keçmişinin qorunması, öyrənilməsi və təbliği sahəsində yeni səhifə açır. Biz bu yöndə onlara köməklik etməkdə şad olarıq. Mən Ağdam, Füzuli və azad olunmuş digər ərazilərdə mədəni abidələrin şəkillərini görmüşəm. Əminəm ki, Azərbaycan bu işə böyük qayğı ilə yanaşacaq”.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva vurğuladı ki, Azərbaycan uzun illərdir beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: “Bu mənada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Fond uzun illərdir mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edir. 30 ilə yaxın torpaqlarımız işğal altında idi. Biz gördük ki, həmin ərazilər hansı vəziyyətdədir. Deməli, bu torpaqlar onlara önəmli deyildi. Lakin bir il ərzində sürətli bərpa işlərinin görülməsi, tarixi mədəni abidələrin bərpası onu göstərir ki, Azərbaycan xalqı və rəhbərliyi bu torpağa nə qədər bağlıdır”.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli söylədi ki, hər bir xalqın irsi onun gələcəyidir: “İstənilən layihələrin həyata keçirilməsinin bəzi standartları var. Ölkəmizin ərazisi tarixi, arxeoloji tapıntılarla zəngindir. Bunu nəzərə alaraq xüsusi prosedur işlənib hazırlanıb. İnşaat zamanı hər hansı arxeoloji tapıntılar üzə çıxırsa, işlər müvəqqəti dayandırılır. Daha sonra Mədəniyyət Nazirliyinə məlumat verilir. Müvafiq göstəriş alındıqdan sonra işlər ya davam etdirilir, ya dayandırılır, yaxud da qazıntıların yeri dəyişdirilir. Təkcə onu demək kifayətdir ki, Şahdəniz layihəsi çərçivəsində aparılan qazıntılar zamanı 10 mindən çox tarixi, arxeoloji nümunə aşkara çıxarılıb”.
“İşğalı məğlub edən mədəniyyət”
Qısa fasilədən sonra beynəlxalq konfrans “İşğalı məğlub edən mədəniyyət” mövzusunda ikinci sessiya ilə davam etdi.
Sessiyada çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, xalqımız böyük qayıdışın başlanğıcındadır. Bu başlanğıc mədəniyyətlə bağlıdır: “Mədəniyyət xalqların kimliyini əks etdirən fenomendir. Mədəni irs bizim kimliyimizi göstərən əyani sübutdur. Mədəni irsimiz işğal zamanı məhv edilib, oğurlanıb. Bunun da bir adı var – mədəni soyqırımı. Onlar bizim məscidlərimizdə ev heyvanları saxlayırdılar. Bunun məqsədi İslam dünyasının dini hissiyyatını təhqir etmək idi. Şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz buna soy qoydu. Torpaqlarımızı işğaldan azad etdi. Yaradıcı mədəniyyət nifrətə, vandalizmə qalib gəldi. Biz Qarabağa qurub-yaratmaq üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk”.
İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən söz açan nazir artıq mədəniyyət paytaxtımız Şuşada mədəni mühitin də canlandığını dedi: “Bu il Şuşada üç böyük festival keçirilib. Bu kimi addımlar bundan sonra da davam edəcək. Bununla da biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı heç vaxt abidələrlə müharibə aparmır, əksinə onları bərpa edir”.
Anar Kərimov bir şad xəbəri tədbir iştirakçıları ilə bölüşdü. Bildirdi ki, 2023-cü ildə Şuşa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq. TÜRKSOY tərəfindən bununla bağlı qərar veriləcək: “Biz bütün türk dövlətlərinin iştirakı ilə əlamətdar ildə Şuşada rəngarəng tədbirlər keçirəcəyik”.
Konfransda iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirdi ki, Türk dünyası böyük mədəniyyətə sahibdir: “Ortaq mədəniyyətimiz bizim gələcəyimizin təminatıdır. Mədəniyyətimizi nə qədər qoruyub gələcək nəsillərə çatdıra bilsək, gələcəyimiz də bir o qədər təminat altında olar. Türk mədəniyyətində başqa mədəniyyətə zərər vermək yoxdur. Təəssüf ki, Qarabağda bunlarla qarşılaşa bilmədik. Biz Türkiyə Mədəniyyət və Turizm Nazirliyi olaraq Şuşa və Qarabağda əlimizdən nə gəlirsə, etməyə hazırıq. Biz birlikdə güclüyük, cəsuruq və məğlubedilməzik. Allah birliyimizi qorusun”.
Konfransın daha bir qonağı – Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanın Vətən müharibəsində Zəfərinin siyasi, iqtisadi və mədəni əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, bu il Azərbaycanda Nizami Gəncəvinin 880, Özbəkistanda isə Əlişir Nəvainin 580 illiyi qeyd olunur: “Türk dünyası olaraq ortaq dəyərimiz mədəniyyətdir. Biz məhz mədəniyyət vasitəsilə daha da birləşirik”.
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye çıxışında Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bildirdi. Qeyd etdi ki, ən qədim insan məskənlərinin bir sıra nümunələri Azərbaycan ərazisinə təsadüf edir. Musiqi və ədəbiyyat Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu baxımdan Şuşanı xüsusi qeyd etmək olar. Şuşa Azərbaycanın mədəni zənginliyini, gözəlliyini təcəssüm etdirir: “Dünya ictimaiyyəti görürdü ki, işğalçı qüvvələr Azərbaycan mədəniyyətini buradan silmək istəyirdilər. 30 ildən sonra Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Pakistan xalqı hər zaman Azərbaycanın yanındadır”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirdi ki, Azərbaycanın mədəni zənginliyi dövlətimiz tərəfindən qorunur. Bu siyasət ölkəmizin bütün bölgələrini əhatə edir.
“Abidələri xilas edən Qələbə”
“Abidələri xilas edən Qələbə” adlı üçüncü sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli dedi ki, işğal dövründə mənfur düşmən bütün tarixi-mədəni obyektlərimizi, yaşayış evlərini məhv edib. İndi başlıca vəzifə Qarabağımızın sosial-mədəni həyatını özünə qaytarmaqdan ibarətdir. Vətən müharibəsinin başa çatmasından bu günədək 7854 nəfər şəhid ailəsi və qazinin işlə təmin olunduğunu söyləyən nazir müavini bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini bildirdi.
Milli Məclisin deputatı Nigar Arpadarai bildirdi ki, illərdir mənfur düşmənin lobbisini dinləyən bəzi dövlətlər bizə qarşı ikili standartlar yeridirdi. Ancaq Vətən müharibəsində əleyhimizə olan dövlətlər belə müəyyən dərəcə susdular. Çünki ədalət, beynəlxalq hüquq bizim tərəfimizdə idi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki tolerant mühitdən söz açdı. Söylədi ki, ölkəmizdə heç bir dinin mənsubu digərinə təzyiq göstərə bilməz. Bu, təkcə qanunlarımızın tələbi deyil. Həm də Azərbaycan xalqının başqa dinlərin nümayəndələrinə olan hörməti ilə bağlıdır.
Energetika nazirinin müavini Elnur Soltanov nazirlik tərəfindən Qarabağda həyata keçirilən bir sıra layihələr haqqında məlumat verdi, bu istiqamətdə işlərin davam etdirildiyini dedi.
Milli Məclisin deputatı Kamal Cəfərov bildirdi ki, Şuşanın, bütöv Qarabağın əsl sahibi Azərbaycandır.
“Mədəniyyətin çiçəklənməsi üçün sülh”
“Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı sonuncu sessiyada çıxış edən Prezident Administrasiyası Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov qeyd etdi ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda mədəniyyətimizi, tarixi izlərimizi silmək istəyirdi. Onların Qarabağda törətdiyi vəhşilikləri bütün dünyaya göstərmək lazımdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirdi ki, Azərbaycan dünyada multikulturalizmin və mədəniyyətlərarası dialoqun mərkəzi olan ölkələrdən birinə çevrilib. Hətta Azərbaycan böyük humanitar məsələlərin müzakirə olunduğu mərkəzlərdəndir.
Milli Məclisin deputatı Vüqar İsgəndərov xalqımızın hazırda şanlı Qələbəmizin qürurunu yaşadığını dedi: “Ancaq azad olunmuş torpaqları görəndə bir tərəfdən də kədər hissi keçiririk. Düşmənin torpaqlarımızda törətdikləri insanlığa sığmayan hadisədir. Ona görə də belə tədbirlərin keçirilməsi və mədəni dəyərlərimizin təbliğ olunması vacib əhəmiyyət daşıyır”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında vurğuladı ki, Azərbaycan gənci tarixi-mədəni irsimizi bilməli, bununla qürur hissi keçirməli, onları müasir texnologiyalar və sosial şəbəkələr üzərindən dünya ictimaiyyətinə çatdırmalıdır.
Sonda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı iqtisadiyyatın özünün bir mədəniyyət olduğunu bildirdi. Söylədi ki, hər bir millətin mədəniyyət portreti var: “Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan mədəniyyətinin zəfəridir. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözü Qələbənin əsasını təşkil etdi. Xalqımız, Ordumuz, bütün resurslar bu sözün ətrafında birləşərək Zəfərə nail oldu”.
Çıxışlardan sonra konfrans iştirakçıları “Azadlıqda olan abidələr” adlı fotosərgi ilə tanış oldu, konsert proqramını dinlədilər.
Nurəddin MƏMMƏDLİ