Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan aşıq sənəti” sərgisi


Noyabrın 24-də Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun görkəmli saz-söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilən “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi keçirildi.

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq təşkil olunan sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşdi.

Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və ictimaiyyət nümayəndələri, Türkiyə və Özbəkistandan qonaqlar iştirak edirdi.

Gənc Türk Yazarlar Birliyi Məsləhət şurasının sədri, şair-publisist Əkbər Qoşalı tədbiri açaraq sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, daim axtarışda olan, folklorumuza, adət-ənənələrimizə qəlbən bağlanan Arif Hüseynov müasir dövrdə miniatür sənətini yaşadan rəssamlardandır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 200 illiyi keçirilən Aşıq Ələsgərin illərdir erməni işğalında qalan qərib məzarından danışdı. Qeyd etdi ki, işğal edilən torpaqlarımızda ermənilər barbarlıq əməlləri törədiblər. Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni vəhşiliyinin qurbanı olub. Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer aldığını diqqətə çatdıran millət vəkili qeyd etdi ki, Aşıq Ələsgər kimi böyük sənətkarlar mədəniyyətimizin zənginliyidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi mədəniyyət siyasətimizin bir hissəsidir.

Millət vəkili Xalq rəssamı Arif Hüseynovun yaradıcılığını da yüksək qiymətləndirərək bildirdi ki, sənətkar Milli Məclisin Mədəniyyət komitəsi ilə də sıx əməkdaşlıq edir və tez-tez görüşlərə, tədbirlərə qatılır.

Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva çıxış edərək Arif Hüseynovun yaradıcılığından danışdı. Bildirdi ki, görkəmli sənətkar yaradıcılığında ölkə əhəmiyyətli mövzulara toxunub. Müəllifin “Qarabağ şikəstəsi”, “Mis qablar”, “Aşıq”, “Kəndirbazlar” və s. əsərlərində qədim miniatür sənəti ənənələrinə bağlılığı qabarıq hiss edilir.

Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Səlhab Məmmədov sərginin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür etdi. O, aşıq sənətinin Türk dünyasında əhəmiyyətli yerə sahib olduğunu dedi.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli qeyd etdi ki, hər zaman dövlətimiz sənətkarın irsinə diqqət göstərib. Yubileyləri təntənə ilə qeyd olunub: “Bu sərginin təşkilatçılarına və sənətkarımıza təşəkkür edirəm. Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması ən böyük arzumuzdur”.

Tədbirdə daha sonra millət vəkilləri Sahib Alıyev, Ülviyyə Həmzəyeva, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva və başqaları çıxış edərək Arif Hüseynovun yaradıcılığından danışdılar.

Arif Hüseynov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etdi.

Çıxışlardan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldu. Sərgidə rəssamın “Azərbaycan”, “Aşıqların ilham mənbəyi”, “Xarıbülbül”, “Dınqıl sazım”, “Aşıq Mikayıl Azaflı”, “Sevgililər”, “Nar qızı əfsanəsi”, “Aşıq Şəmşir”, “Görüş”, “Aşığın sazı və sözü”, “Aşıq Hüseyn Bozalqanlı”, “Gözəlləmə”, “Ağ atlı oğlan əfsanəsi”, “Dədə Qorqud”, “Ay işığında” – ümumilikdə 20 əsəri nümayiş olunur. Məlumat verildi ki, sərgilənən əsərlər satın alınaraq Tovuzdakı Aşıq Sənəti Dövlət Muzeyinə hədiyyə ediləcək.

Savalan FƏRƏCOV