Hər ilin noyabr ayında olduğu kimi, bu il də İsveçrənin Cenevrə şəhərindəki “Palexpo” sərgi mərkəzində ongünlük “Les Automnales” payız yarmarkası təşkil olunub.
Yarmarkada ənənəvi tədbirlərdən biri də müxtəlif xalqların mədəni irsi ilə bağlı təqdimatların yer aldığı idman və incəsənəti birləşdirən “Hərəkət sənəti sərgisi”dir (Salon de l’Art du Mouvement). Artıq bir neçə ildir ki, soydaşımız Mariya Xan-Xoyskaya Martiqnoli üzvü olduğu Cenevrə Mədəniyyət Assosiasiyası adından tədbirə qatılır, ölkəmizin milli rəqslərini təqdim edir.
Yarmarkada Azərbaycan incəsənətinin təqdimatı ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
M.Xan-Xoyskaya Martiqnoli bildirib ki, bu nüfuzlu yarmarkada Azərbaycanın milli rəqsləri ilk dəfə onun tərəfindən təqdim olunub və bu, gənc rəqqasə üçün böyük şərəf və qürurdur.
Qeyd edilib ki, builki tədbir xüsusilə əlamətdar olub. Yarmarkanın tarixində ilk dəfə olaraq rəqqasənin şagirdləri – Cenevrə Mədəniyyət Assosiasiyasında iştirak edən azərbaycanlı uşaqlar tərəfindən milli rəqslərimiz (“Yallı” və “Ağ çiçək”) təqdim edilib.
“Bu tədbiri təşkil etdiyimizə görə inanılmaz dərəcədə xoşbəxtəm. Mənim üçün bu il rəqslərimiz, xüsusilə “Yallı” rəqsi bizim böyük Zəfərimizin və ədalətin zəfər çalmasının rəmzinə çevrildi. Geyimlərin təqdim olunmasında köməklik göstərmiş və mənə hər cür dəstək verən uşaqların valideynlərinə, eləcə də müəllimim və xoreoqrafım, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmayıl Paşayevə xüsusi minnətdarlığımı bildirirəm”, - deyə M.Xan-Xoyskaya Martiqnoli əlavə edib.
Azərbaycanlı rəqqasə, həmçinin yarmarkada Gürcüstanın “Nabadi” Folklor Teatrının rəhbəri Nino Turabelidzenin rəhbərliyi ilə ikinci vətəni hesab etdiyi Gürcüstanın rəqslərini ifa edib. Gürcü diasporunun nümayəndələri dost xalqlarımıza məxsus qədim rəqs irsinin gözəlliyi və unikallığını layiqli şəkildə təqdim etdiyinə görə azərbaycanlı rəqqasəyə və onun yetirmələrinə minnətdarlıqlarını bildiriblər.