Dahi Azərbaycan şairi və mütəfəkkirinin doğma yurdu Gəncə “Nizami ili”ndə daha bir tədbirə ev sahibliyi edib. 26-28 noyabr tarixində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində I Gəncə Kitab Sərgisi keçirilib.
Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi (RMİ) və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə keçirilən sərgi əlamətdar ilə həsr olunub.
Kitab bayramının açılış mərasimində xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, millət vəkilləri Sabir Rüstəmxanlı, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, yazarlar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Alim Məmmədov Nizami obrazında tədbir iştirakçılarını salamlayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, bu gün kitaba və mütaliəyə olan marağın artırılması olduqca vacibdir və bu baxımdan belə tədbirlərin təşkili böyük əhəmiyyət daşıyır.
ANİB-in sədri Şəmil Sadiq “Nizami Gəncəvi İli”nə həsr olunan sərgi haqqında məlumat verib.
Gəncə RMİ-nin rəisi Vasif Cənnətov mədəniyyət naziri Anar Kərimovun adından sərgi iştirakçılarını salamlayıb. Bildirib ki, I Gəncə Kitab Sərgisinin açılış mərasimi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 26-dək keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalının son gününə təsadüf edir. O, kitab sərgisinin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və başqa çıxış edənlər “Nizami ili”ndə şairin yurdunda keçirilən kitab sərgisinin yerli kitabsevərlər üçün bayram olduğunu bildiriblər.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Üç gün davam edən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi tərəfindən çap məhsulları təqdim olunub. Nəşrlərə 50 faizədək endirim tətbiq edilib, müəlliflərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, uşaqlar üçün “nağıl saat”ları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və musiqi proqramları keçirilib.
Sərgidə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedirik” layihəsinin stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitablar toplanıb.
Həmçinin sərgi çərçivəsində noyabrın 27-də Gəncə Dövlət Kukla Teatrı aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” əhvalatı əsasında hazırladığı tamaşa nümayiş olunub. Noyabrın 28-də – sərginin son günündə isə teatr Vətən müharibəsi şəhid və qazilərinin övladları üçün uşaq yazarı Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” əsəri əsasında eyniadlı tamaşanı təqdim edib.
NURƏDDİN