Sənətkarın doğum günü onun dünyadan köçməsindən sonra ilk dəfə qeyd edilib
Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun (1928–2021) doğum günü onun dünyadan köçməsindən sonra ilk dəfə, xatirələr işığında qeyd edilib.
Noyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun Ev-Muzeyində tədbir təşkil olunub. Sənətkar bu evi içindəki əsərlərlə birlikdə hələ sağlığında muzey kimi dövlətə bağışlayıb.
Muzeyin direktoru Səadət Mirzəyeva tədbiri açaraq Tahir Salahovun ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb. Bildirib ki, 1928-ci il noyabrın 29-da anadan olan Tahir Salahov V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib. Sənətkar 20 il Azərbaycan Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun professoru, Rəssamlıq və kompozisiya kafedrasının müdiri olub. Həmçinin keçmiş SSRİ, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub, bir çox dövlət təltiflərinə, SSRİ Dövlət mükafatına, Azərbaycanın və Rusiyanın Dövlət mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
Ev-muzeyin yaradılmasından danışan Səadət Mirzəyeva bildirib ki, muzeydə Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Doqquz il əvvəl Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılmış ev-muzey öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirib ki, Tahir Salahov nəinki Azərbaycanda və Sovet İttifaqında, bütün dünyada müxtəlif xalqlar arasında mədəniyyət və dostluq körpüsünü təcəssüm etdirirdi. “Onun Vətənə sevgisi Abşeronun əsrarəngiz gözəlliklərini və neft mədənlərini tərənnüm edən əsərlərdə, ən əsası isə orada yaşayıb-yaratmış insanların obrazlarında yaşayır. Həmin obrazlar onun həyatda gördüyü insanlar idi. Təsadüfi deyil ki, Tahir Salahovun rəsmlərinin əksəriyyəti dərin avtobioqrafik məna daşıyır”, – deyə Ə.Ələkbərov vurğulayıb.
Rəssamın yaradıcılığından söz açan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar xatirələrini bölüşüb. Vurğulayıb ki, bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə yeni səhifələr açan Tahir Salahovun mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirləri təlqin edir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib ki, Tahir Salahov hamımız üçün əziz insandır: “O, dünya miqyasında tanınan görkəmli rəssam olmaqla yanaşı, həm də əsl ziyalı idi. Dünyanın bir sıra muzeylərində sərgiləri keçirilib. Tahir Salahov həmişə böyük hörmətlə anılacaq”.
Xalq rəssamları Fuad Salayev, Səlhab Məmmədov, sənətkarın bacısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova və başqaları çıxış edərək ürək sözlərini bölüşüblər. Qeyd edilib ki, Tahir Salahovun Azərbaycan rəngkarlığının inkişafında bütöv bir dövrü təşkil edən əsərləri bu gün dünyanın mötəbər muzeylərində sərgilənir. Onun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir.
Tahir Salahov həm də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin klassiki və bütöv bir üslubun (“sərt üslub”) banilərindən biri hesab edilir.
Tədbir çərçivəsində publisist, musiqişünas Raya Abbasovanın Tahir Salahovun həyat və fəaliyyətindən bəhs edən “Dialoq” kitabının təqdimatı keçirilib. Kitab haqqında məlumat verən müəllif deyib: “2000-ci illərin əvvəlində mən Tahir Salahovdan ilk müsahibə aldım. Sonradan dəfələrlə görüşdük. Tahir Salahovun 90 illiyinə həsr edilmiş kitab üzərində işləmək mənə təklif olunanda məmnuniyyətlə razılıq verdim”.
Tədbirdə rəssam haqqında videoçarx nümayiş olunub.