Tanınmış memar haqqında filmin təqdimatı

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tanınmış memar, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Rəfael Həsənovun xatirəsinə həsr olunmuş “Dizayn insanı” sənədli filminin təqdimatı keçirilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin Dizayn kafedrasının müdiri olmuş R.Həsənovun ömür yolu, fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, Rəfael müəllim təkcə memar kimi deyil, həm də pedaqoq kimi gənc memar-dizaynerlərin yetişməsində böyük xidmətlər göstərib.

Azərbaycan  Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə R.Həsənovun Azərbaycanda dizayn elminin banisi kimi xidmətlərindən danışıb.

Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, kafedra müdirləri Aybəniz Həsənova, Nizami Nağıyev R.Həsənovla bağlı xatirələrini bölüşüblər.

Tədbirin qonaqları – Xalq artisti Xuraman Qasımova, R.Həsənovun tələbə yoldaşları və dostları da onun işıqlı xatirəsini yad ediblər.

Filmin rejissoru və ideya müəllifi Eldara Əliyeva çəkilişdə göstərilən dəstəyə görə memarın ailə üzvlərinə təşəkkür edib.

Çıxışlardan sonra film təqdim olunub.

R.Həsənovun xanımı və qızı belə bir görüşün təşkilinə görə universitet rəhbərliyinə, filmin yaradıcı heyətinə təşəkkürlərini bildiriblər.