Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz!
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət!
Nizami Gəncəvi
Dahi şairimiz Nizami Gəncəvi də alimin peşəsinin uca olmasını hər kəsdən üstün tutub. Bu müdrik kəlamdan göründüyü kimi, elm sahibi olan insanların yaratdıqları sənət əsərləri xalqımıza mənəvi mirasdır. Belə elm xadimlərindən biri olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin bu yaxınlarda işıq üzü görən monoqrafiyası da Azərbaycan musiqi mədəniyyətinə bir töhfədir.
BMA-nın Elmi Şurasının qərarı ilə çap olunan “Azərbaycan musiqi tarixində maarifçilik təmayülləri (XIX əsrin sonu-XX əsrin əvvəlləri)” adlı monoqrafiyanın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Gülnaz Abdullazadə, elmi rəyçilər sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rüqiyyə Süleymanovadır.
Nuridə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Bunlardan “Azərbaycan musiqisi tarixindən. Mesenatlıq və maarifçilik ənənələri” (rus dilində), “Böyük maarifçi – Əfrasiyab Bədəlbəyli”, “İsa bəy Hacınski. Şanlı ömrün səhifələri” (Azərbaycan və rus dillərində), “Müasirlərimiz: Həsən Ağa Adıgözəlzadə”, “ХХ əsrdə Azərbaycan-Rusiya musiqi əlaqələri” (rus dilində) və başqalarını qeyd etmək olar. Alim hazırda doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşır.
“Azərbaycan musiqi tarixində maarifçilik təmayülləri (XIX əsrin sonu-XX əsrin əvvəlləri)” kitabı BMA-nın 100 illiyinə həsr olunmuş monoqrafiyalardan biridir və musiqi tədrisi ocaqları üçün dərs vəsaiti kimi nəzərdə tutulub. Monoqrafiya 4 fəsildən ibarətdir.
“XX əsrin əvvəllərində ilk peşəkar musiqi təhsilinin yaranması və formalaşması (1900-1907)” adlı I fəsil “XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda keçirilən qastrol konsertlərinin peşəkar musiqi təhsilinin yaranmasında və inkişafında təsiri” və “Azərbaycan milli musiqisinin və Avropa klassik ənənəli musiqi ifaçılarının peşəkar teatr səhnələrdəki fəaliyyətləri haqqında ümumi icmal” bölmələrindən ibarətdir. 1900-1907-ci illəri əhatə edən bölmələrdə Avropa və Rusiya musiqiçilərinin Bakıya qastrol səfərləri, bu konsertlərin Azərbaycan dinləyiciləri tərəfindən xüsusi rəğbətlə qarşılanması və klassik musiqiyə olan marağın artmasından bəhs olunur.
Kitabda peşəkar musiqi təhsili verən kursların, məktəblərin açılması, Rusiya Konservatoriyasının müəllimlərinin Bakıda pedaqoji fəaliyyəti işıqlandırılıb. Bununla yanaşı, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanı (“Leyli və Məcnun”) ərsəyə gətirməsi, operanın səhnəyə qoyulması haqda məlumatlar verilir.
II fəsil Azərbaycan musiqi sənətinin inkişafında “Şərq konsertləri”nin və “Müsəlman axşamları”nın tarixi rolu və əhəmiyyətindən bəhs edir. XX əsrin sonlarında Şuşada və Bakıda keçirilən bu konsertlərin, musiqi axşamlarının nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da əks-səda doğurması, bu konsertlərdə xalq musiqisinin, aşıq musiqisinin təqdimatına geniş yer verilməsi xüsusilə qeyd olunur.
“Azərbaycan musiqi mədəniyyətinin inkişafında “Nəşr-maarif”, “Nicat”, “Səfa” maarifçi və xeyriyyəçi cəmiyyətlərinin rolu” adlı III fəsildə XX əsrin əvvəllərində maarifçilik hərəkatı və onun mədəni inkişafa təsiri, Azərbaycanda milli operanın yaranması və səhnəyə qoyulmasında “Nicat” cəmiyyətinin rolu, ümumiyyətlə, cəmiyyətin fəaliyyətinin Azərbaycan mədəniyyətindəki əhəmiyyəti qeyd edilir. Bununla yanaşı, digər maarifçi cəmiyyətlərin fəaliyyəti, o cümlədən “Z. və Ü. Hacıbəyov qardaşları müdiriyyəti” təşkilatının musiqi mədəniyyətimizdə rolu işıqlandırılıb. Bu təşkilatın yaradıcıları Azərbaycanın, İranın bir çox şəhərlərində də qastrol səfərlərində olmuş, Üzeyir bəyin, Zülfüqar Hacıbəyovun, Müslüm Maqomayevin opera və musiqili komediyalarını səhnəcik şəklində tamaşaçılara təqdim etmişlər.
Sonuncu fəsil “XX əsrin əvvəllərində Bakı şəhərinin musiqi tarixinə maarifçilik təmayülləri kontekstində bir nəzər” adlanır və 1907-1914-cü illəri əhatə edir. Bakının musiqi həyatında baş verən əsas hadisələr, qastrola gəlmiş məşhur artistlərin təqdim etdikləri opera tamaşaları və ifaçıların konsert proqramları haqqında məlumat verilir. Vurğulanır ki, artıq təkcə Rusiyanın iri şəhərlərindən deyil, Avropanın nüfuzlu mədəniyyət mərkəzlərindən – Varşavadan, Milandan da Bakıya gələn musiqiçilərin və dirijorların iştirakı ilə keçirilən konsertlər Azərbaycan dinləyicilərinin dünyagörüşünə və musiqi mədəniyyətinə marağın artmasına təsir göstərib.
Kitabda dövri mətbuatda (“Kaspi”, “Bakı”, “İqbal”, “Tərəqqi” və s. qəzetlər) dərc olunmuş məqalələrə istinad edilib.
Musiqi mədəniyyətimizlə bağlı hər yeni monoqrafiya, kitab, toplu ümumilikdə mədəniyyət tariximiz üçün nailiyyətdir. Bu nailiyyəti xalqa təqdim edən, elmi-yaradıcı fəaliyyəti ilə mədəniyyətimizi zənginləşdirən elm və incəsənət xadimlərimizə təşəkkür edirik.
Fidan NƏSİROVA
Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşı