Noyabrın 29-da Tatarıstan Respublikasının Gənclərlə İş üzrə Nazirliyi, Tatarıstan Gənclər Mərkəzi “Sələt”in (Sələt) təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) və bir sıra başqa qurumların tərəfdaşlığı ilə reallaşan "Müasir Müsəlman Mədəniyyəti Beynəlxalq Gənclər Festivalı" çərçivəsində İƏT Gənclər Forumu ARM tərəfindən böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib.
“Sələtin” direktoru Aygül Qabdraxmanova, İƏT Gənclər Forumu ARM-nin baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin nümayəndəsi Serqey Orlov iştirakçıları salamlayaraq artıq 10 ilə yaxındır müxtəlif proqramlar çərçivəsində bu qurumlar arasında əməkdaşlığın uğurla həyata keçirilməsini qeyd ediblər, eləcə də Nizami Gəncəvi irsi ilə bağlı tədbirin vacibliyini diqqətə çatdırıblar.
“Salam Tatarıstan” beynəlxalq layihəsinin rəhbəri Emin Ramazanov “Nizaminin poemaları sivilizasiyasiyararası əlaqələr kontekstində”, Tatarıstan Prezidenti Aparatının Dini qurumlarla əlaqələr şöbəsinin nümayəndəsi Əskər Qatin “Şihabəddin Mərcaninin tatar mədəniyyətində yeri”, eləcə də tədbirə videobağlantı ilə qoşulan yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Gənc nəslin maariflənməsində klassik ədəbiyyatın rolu – Nizami misalında” mövzusunda çıxış ediblər. Tatarıstanın Xalq artisti, müğənni, professor Minqol Qaliyev Nizami yaradıcılığının qlobal əhəmiyyətindən bəhs edib.
Qeyd etmək lazımdır ki, bu, İƏT Gənclər Forumu ARM-in Nizami Gəncəvini 880 illik yubileyinə həsr edilmiş 6-cı tədbiridir.