Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 1–3 dekabr tarixində Daşkənddə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans təşkil edilib.
Tədbiri universitetin Özbək ədəbiyyatı tarixi və folklor kafedrasının müdiri, professor Nurboy Jabborov açaraq Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı haqqında danışıb. Bildirilib ki, Əlişir Nəvai “Xəmsə” yazmağa başlayanda Nizami Gəncəvini müəllimi hesab edib. Bu böyük şairləri 300 illik zaman ayırır. Şeyx Nizami “Xəmsə”ni farsca yazsa da, əsərlərində türk dəyərləri, türk ruhu hakimdir.
Universitetin prorektoru Zeynobiddin Abduraşidov iki ölkə arasında mədəni və ədəbi əlaqələrimizin inkişafından danışıb, AMM-in təşəbbüsü ilə Özbəkistanda Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində çap olunmasını və Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycanda tərcümə edilərək çap olunmasını hər iki ölkənin mədəni həyatında böyük hadisə adlandırıb. Nizami Gəncəvinin “Xəmsə”sinin tərcüməsi və çapı üçün AMM-in direktoru Samir Abbasova, Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcümə olunması və çap edilməsi üçün Bakı Dövlət Universitetinin professoru Ramiz Əskərə minnətdarlığını bildirib.
Özbəkistandakı Heydər Əliyev adına AMM-in direktoru Samir Abbasov Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıqlarının ədəbiyyatımızın qürur mənbəyi və dünya poeziyasının ən gözəl nümunələri olduğunu vurğulayıb. O, Nizami Gəncəvi və Əlişir Nəvai ilə başlayan ədəbi əlaqələrimizin bu gün də uğurla davam etdiyini deyib.
Bildirib ki, Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanda ilk dəfə çap olunub və böyük maraq doğurub və gələcəkdə tədqiqatçılar üçün gözəl mənbədir.
Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, həm Azərbaycan, həm də Özbəkistan dünya ədəbiyyatı tarixinə böyük şair və filosoflar bəxş edib. Nizami Gəncəvi və Əlişir Nəvai də bunların sırasındadır. Bu dahi şairlərsiz nə Azərbaycan ədəbiyyatını, nə də Özbəkistan ədəbiyyatını təsəvvür etmək mümkündür.
Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov bildirib ki, Nizami Gəncəvi də, Əlişir Nəvai də müsəlman intibahının şairləridir. Bu şairlər heç bir fərq qoymadan ərəb fəlsəfəsindən də, Əbülqasım Firdovsi başda olmaqla Şərq poeziyasından da öyrəniblər. Nizami Gəncəvinin “Xəmsə”sindəki qəhrəmanların mütləq əksəriyyəti Ə.Firdovsinin “Şahnamə”sindən gəlib. “Şahnamə”dəki qəhrəmanların heç biri müsəlman deyil. Nizami Gəncəvinin qüdrəti ondadır ki, atəşpərəstləri, yəni İslam dininə sitayiş etməyənləri müsəlman kimi təqdim edib.
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər deyib ki, Əlişir Nəvai həm dahi şair, həm də mütəfəkkirdir. İstedadlı Şərq şairləri iki və ya üç divan yazıb, Əlişir Nəvai ilin fəsillərinə uyğun olaraq dörd divan ortaya qoyub. O zaman deyiblər ki, əgər böyük şairsənsə, farsca və ya ərəbcə də divan yazmalısan. Şair onu da edib. Nəvai dörd divanı türkcə, birini isə farsca yazıb. Məlum olduğu kimi, ilk “Xəmsə”ni Nizami Gəncəvi yazıb. Nizami Gəncəvidən sonra müxtəlif dövrlərdə 100-ə yaxın “Xəmsə” qələmə alınıb. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvainin “Xəmsə”ləri daha populyardır. Bu şairlərin üçü “Xəmsə”ni farsca, Əlişir Nəvai isə türkcə yazıb.
AMEA Əlyazmalar İnstitutu Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcüməsi məsələləri”, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz “Nizaminin və Nəvainin əsərlərində müqayisəli təhlil”, Ankara Milli Kitabxanasının şöbə müdiri, professor Niyazi Unver “Nizami Gəncəvinin və Əlişir Nəvainin əlyazmalarının öyrənilməsi məsələləri”, Özbəkistan Milli Universitetinin professoru Niqina Şirmuxammedova “Nizami Gəncəvinin “Xəmsə”sinin dünya fəlsəfəsi və ədəbiyyatındakı yeri” mövzularında məruzələr ediblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə Nizami Gəncəvi və Əlişir Nəvainin Azərbaycan və Türkiyə kitabxanalarında saxlanılan nadir əlyazmaların surətlərinin elektron nüsxələri hədiyyə edilib.