Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Yaradanlar” filmi dekabrın 3-də Nizami Kino Mərkəzində ictimaiyyətə təqdim olundu.
Memarlar İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunmuş filmin ideya müəllifi Elbay Qasımzadə, quruluşçu rejissoru Şamil Əliyev, ssenari müəllifi Natiq Rəsulzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.
Təqdimatda mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov iştirak edirdi.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri, professor Elbay Qasımzadə giriş sözündə ekran əsəri haqqında məlumat verdi. Qeyd etdi ki, çəkilişləri bir ilədək davam edən filmin ərsəyə gəlməsi heç də asan olmayıb. Hər iki memar haqqında o qədər də zəngin arxiv məlumatları olmasa da, belə bir maraqlı ekran əsəri çəkilib. Filmdə hər iki memarın təkcə yaradıcılıqları haqqında deyil, həyatları barədə də məlumatlar yer alıb.
Filmin ssenari müəllifi, Xalq yazıçısı Natiq Rəsulzadə bildirdi ki, ekran əsərində bədii film elementləri də var. Hər iki memarın məşəqqətli həyat keçirdiklərini vurğulayan Natiq Rəsulzadə qeyd etdi ki, çəkiliş zamanı incə detal və elementlər də nəzərə alınıb: “Gənc nəslin belə şəxsiyyətləri tanıması vacibdir. Yeni nəsillər görməlidir ki, mədəniyyət və memarlıq tariximizdə necə önəmli simalar olub”.
Rejissor Şamil Əliyev vurğuladı ki, film Memarlar İttifaqı ilə çəkilən ikinci ekran əsəridir: “Mikayıl Hüseynov və Sadıq Dadaşov Azərbaycan memarlığının görkəmli nümayəndələridir. Mən də bu şəxsiyyətlərə müraciət etməyi özümə borc bildim. Həmişə çalışıram ki, hər hansı bir filmi çəkəndə ona yenilik gətirim. Bu ekran əsəri də yeniliyi ilə fərqlənir. Sənədli filmdə ilk dəfə olaraq qum üzərində rəsmdən hadisələrin canlandırılmasında istifadə olunub”.
Çıxışlardan sonra Elbay Qasımzadə tərəfindən filmin yaradıcı heyətinə Memarlar İttifaqının diplomları təqdim olundu.
Sonda “Yaradanlar” sənədli filmi nümayiş etdirildi.
Filmdə görkəmli memarlar, akademiklər Mikayıl Hüseynov (1905-1992) və Sadıq Dadaşovun (1905-1946) həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan xalqının mədəni irsinə, əxlaqi-mənəvi dəyərlərinə vurduğu zərbə diqqətə çatdırılır. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Eyni zamanda çox yaxın dost olan bu iki sənətkar ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.
Filmdə o da vurğulanır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
Nurəddin MƏMMƏDLİ