Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda Xalq artisti, bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın yaradıcılığından söz açdı. Bildirdi ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov böyük musiqiçi Qara Qarayevin tələbəsi olub. Zəngin yaradıcılıq yolu keçən bəstəkar bu gün də maraqlı yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə mühüm töhfələr verir. Azər Dadaşov 14 simfoniyanın, müxtəlif janrlarda maraqlı əsərin, o cümlədən 20-dən çox filmə yazılmış musiqinin müəllifidir. Əsərləri dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunur.

Firəngiz Əlizadə çıxışının sonunda bəstəkarı yubileyi münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Azər Dadaşovun xor musiqisi” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan bəstəkarlarının əsərlərində, əsasən də xor musiqisində xalqımızın qanlı keçmişi, milli faciələrimiz öz əksini tapıb. Azər Dadaşovun da yaradıcılığında vətənpərvərlik mövzusunda əsərlər geniş yer tutur. Onun “Ana yurd”, “Bu Vətən ölə bilməz” kantata-andı bu baxımdan diqqətəlayiq nümunədir. Bəstəkarın yaradıcılığını yüksək qiymətləndirən Z.Qafarova müəllifin bütün əsərlərinin orijinallığını xüsusilə vurğuladı.

Tədbirdə daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Minaxanım Babayeva “Azər Dadaşovun kamera-instrumental musiqisi”, Nərgiz Qulamova “Azər Dadaşovun simfonik yaradıcılığına bir nəzər”, Nuranə Zeynalova “Azər Dadaşovun fortepiano üçün “Lirik pyeslər” məcmuəsi” mövzusunda məruzələrlə çıxış etdilər.

Məruzələrdən sonra bəstəkarın “And yerimiz”, “Qızıl dan”, “Qarabağ bayatıları”, “Ana torpaq”, “Səninləyəm”, “Ayrılarmı könül candan”, “Bir millət, iki dövlət”, piano üçün prelüd və fuqa, violençel və piano üçün “Xocalı ağrısı”, solo qoboy üçün “Cıdır düzü”, “Gilavar” və s. əsərləri səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

Sonda Azər Dadaşov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Savalan FƏRƏCOV