Yaşlı nəsil sənətsevərlərin teatr səhnəsində çıxışlarına, radio və televiziyada duyğulandırıcı ifasına vurğunluğunu ifadə etdikləri Xalq artisti Mobil Əhmədovun (1931-2006) həm də rəssam olmasından zamanında yalnız onun yaxınları xəbərdar olublar. Onun çəkdiyi əsərlər bir neçə dəfə Gəncə rəssamlarının sərgilərində nümayiş olunsa da, tamaşaçılar istedadlı rəssam fırçası ilə ərsəyə gətirilmiş həmin lövhələrin məlahətli səsi ilə məşhur olan vokalçı-aktyor tərəfindən çəkildiyini ağıllarına gətirməyiblər. Amma Mobil Əhmədovun bizə yadigar qoyub getdiyi bədii irslə tanışlıq göstərir ki, belə yüksək bədii səviyyəyə malik olan əsərlər müəllifi sənətkar həm də tanınmış rəssam ola bilərmiş...

Elə 1948-ci ildə valideynləri rəngləri özünə həmdəm hesab edən Mobili Gəncədə iki il əvvəl fəaliyyətə başlayan Uşaq rəssamlıq məktəbinə aparanda da, oğullarının gözəl rəssam olacağına böyük ümid bəsləyirdilər. Burada təhsil aldığı dörd il ərzində əldə etdiyi uğurlar ixtisas müəllimləri Cabbar Sadıxov və Böyükbəy Əliyarbəylinin də onun gələcəyinə böyük ümidlə baxmalarını şərtləndirmişdi. Elə Mobilin uğurla imtahan verib məşhur “Ə.Əzimzadə məktəbi”nin tələbəsi adını qazanması da bunun ilk işartısı olmuşdu. Lakin 1953-1958-ci illərdə burada məşhur fırça ustaları B.Maratlı və H.Məmmədovdan dərs alan gənc rəssam elə tələbəlik illərində ciddi seçim qarşısında qalmalı olur. Hələ uşaq yaşlarından hamını həm də məlahətli səsi ilə heyran edən Mobil təsadüf nəticəsində Konservatoriyaya gedib çıxır və buranın müəllimləri, o cümlədən Bülbülün qarşısında səsinin ecazkarlığını nümayiş etdirir. Bu qəfil “tapıntı”ya sevinən müəllimlər onun həm də Konservatoriyada oxumasına (o vaxtlar belə hallara icazə verilirdi) qərar verir və adını tələbələr sırasına daxil edirlər. 1956-1961-ci illərdə Bülbüldən dərs alan Mobil Əhmədov sonra həyatını Musiqili Komediya Teatrı ilə bağlayır və çox tezliklə istedadlı aktyor-müğənni kimi tanınır. Buradakı səmərəli fəaliyyətinə görə əvvəlcə “Əməkdar artist” (1978), sonra isə “Xalq artisti” (2000) fəxri adlarına layiq görülür...

Biz isə bu yazıda onun rənglərlə yaratdığı gözəllik dünyasından, daha dəqiq desək, heç bir mükafata layiq görülmədiyi təsviri və dekorativ-tətbiqi sənət sahəsində ərsəyə gətirdiyi əsərlərindən söz açmaq istəyirik. Öncədən deyək ki, səsinin hesabına o, bir çox mükafatlara layiq görülsə də, nədənsə rənglərə sevgisi cavabsız qalmış, zamanında heç Rəssamlar İttifaqına üzv də qəbul olunmamışdı. Hələ tədris illərində öz istedadını birgə oxuduqları Gennadi Brijatyuk, Fikrət Bağırov, Kamil Ramazanov, Pavel Kuzmenko, Qulam Şükürüllahi və başqa istedadlı gənclərlə rəqabətdə təsdiqləsə də, bu sahədəki uğurlarını vaxtaşırı ictimailəşdirməməsi musiqiçinin kifayət qədər tanınmasına şübhəsiz ki, maneçilik törətmişdi. Amma onun bədii irsi ilə tanışlıq doğrudan da zamanında çox istedadlı bir yaradıcının diqqətdən kənarda qaldığını təsdiqləyir...

Qeyd etmək lazımdır ki, Mobil Əhmədovun maraq dairəsinin geniş olması, həm də əsərlərinin mövzu və janr baxımından bir-birindən fərqli olmasını şərtləndirmişdir. Onun rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət sahəsində ərsəyə gətirdiyi tablo və lövhələrdə hər bir yaradıcı üçün önəm kəsb edən ənənə və müasirliyin vəhdətini duymaq mümkündür. Özünün təbirincə desək, “çəkəndə oxumağı, oxuyanda çəkməyi” xoşlayan müğənninin əsərlərində miniatürlərdə müşahidə etdiyimiz nikbin-duyğulandırıcı bədii ovqat-ruh qabarıq görünməkdədir. Rəngkarlıq yaradıcılığında janr məhdudiyyəti duyulmasa da, onun daha çox portretə üstünlük verməsini söyləmək mümkündür. Van Qoq sayağı daha çox tanıdığı və ünsiyyətdə olduğu, daha dəqiq desək, yaxından ünsiyyətdə olduğu adamları obyekt seçən Mobil Əhmədov həm də tamaşaçısını müxtəlif peşəli və ovqatlı insanların daxili aləminə düşündürücü tutumda nüfuz etməyi bacardığına inandıra bilmişdir. Onun “Mənim anam”, “Avtoportret”, “Nəvəmin portreti”, “Gənc qadının portreti”, “Düşüncələr”, “Gənclik”, “Qırmızı paltarlı qadın” və s. portretlərində əldə olunan bədii bütövlüyün mayasında duyğulandırıcı kolorit və cəlbedici ifadə vasitələrinin durduğu birmənalıdır.

Müxtəlif ruhlu bu portretlərdə forma-biçim stilizəsinin nə qədər duyulan olmasına baxmayaraq, müşahidə olunan “bədii şişirtmə”nin həm də əsərin cəlbedici və gözoxşayan alınmasına güclü təsir göstərdiyini deməliyik. Müəllifin portret irsini başqalarından fərqləndirən bədii xüsusiyyətlərin ən başlıcasının onun rəng qatının yaranışında yaxı improvizələrindən uğurla istifadə edə bilməsidir. Onun akvarellə çəkilmiş “Gənc qadının portreti” əsərində nümayiş etdirdiyi yaxı oynaqlığı yüksək professionallığın nümayişi olmaqla, sözün əsl mənasında, həsədaparıcı bədii ifadə tərzinin nümayişidir. Obrazın xarakterinin açımında önəmli rol oynayan belə “yaxı oyunu”ndan bacarıqla istifadənin portretlərin bədii tutumunun bütövlüyünü şərtləndirməsi də bütün əsərlərdə görünməkdədir...

Mobil Əhmədovun portret yaradıcılığında müşahidə etdiyimiz rəng təzadlarının da miniatür estetikasından qaynaqlandığını vurğulamaqla, bu cür rəng harmoniyasının ilk növbədə cəlbedici və ovqatyaradıcı olduğunu deməliyik. Odur ki, bütünlükdə, Mobil Əhmədov portretlərində rəssamın “tanınma nişanı”na çevrilən ekspressiyaya bələnmiş rəng təzadının həm də düşündürücü olduğunu qeyd etməliyik...

Müəllif portretlərdə ona yaxın olan insanları tamaşaçıya təqdim edibsə, mənzərələrində də bizi Gəncənin ürəkaçan tanış motivləri ilə qarşılaşdırmışdır. “Kəpəz”, “İmamzadə”, “Göygöl”, “Qədim abidə”, “Çinarlar” və s. mənzərələr bu qəbildəndir. Bu məkanlara sərgilənən baxışların fərqli-özünəməxsus olmasındandır ki, onlarda həmin yerlərin başqalarına bənzəməyən gözəllik çalarlarına bələndiyini görə bilirik. Belə estetik tutumda göldən təcrid olunmuş şəkildə təqdim edilmiş Kəpəz xüsusilə cəlbedici-qürurverici baxılır. Günün müxtəlif vaxtlarında görüntüyə gətirilən İmamzadə kompleksinin qədimiliyə bələnmiş ümumi görkəmində ifadə olunan möhtəşəmlik də duyulandır. Hər iki mənzərədə rənglərin gücündən bolluca istifadə edən müəllifin kətan səthini ovqatyaradıcı qaynağa çevirməsi də tabloların bədii tutumunu təşkil edən yaxıların axıcı ritmindən duyulmaqdadır...

Mobil Əhmədovun qrafik irsində əsas yeri dostluq şarjları və karikaturalar tutur. Mənzərə və portretləri kimi, bu janrın əsas qəhrəmanları da müəllifin yaxından tanıdığı sənət adamlarıdır. Ümumi sayı yüzə çatan bu şarjların arasında müəllimi – böyük vokalçı Bülbülün, bəstəkarlar Vasif Adıgözəlov və Rəşid Şəfəqin, yazıçı-dramaturq Seyfəddin Dağlının, aktyorlar Arif Quliyev və Ələsgər Məmmədoğlunun, rejissor Mərahim Fərzəlibəyov və Rafiq Atakişiyevin təsvirlərinə rast gəlmək mümkündür. Qara flamasterlə birnəfəsə çəkilmiş bu şarjlar ilk növbədə ifadə tərzinin özünəməxsusluğu ilə seçilir. Onlarda əldə olunmuş oxşarlıq həsədaparıcı inamlı və səciyyəvi xətlərlə gerçəkləşdiyindən qrafik nümunələr yüksək icra nümunəsi kimi qəbul olunurlar.

Mobil Əhmədovun qrafik irsində çoxlu sayda karikaturaların yer alması isə onun on ilə yaxın bir müddətdə respublikanın nüfuzlu satirik nəşri hesab olunan “Kirpi” jurnalı ilə əməkdaşlıq etməsinin nəticəsidir. Əlavə edək ki, incə yumor hissinə malik olan aktyor əhatələndiyi cəmiyyətdə tuş gəldiyi nöqsanlara biganə qalmayaraq, tez-tez onları bədiiləşdirərdi. Bu satirik rəsmlər oxucular tərəfindən rəğbətlə qarşılandığından, o, bir çox hallarda redaksiyanın təklif etdiyi aktual mövzulara da özünün satirik münasibətini bildirərdi...

Müasirləri Mobil Əhmədovun doğma yurda baş çəkdiyi vaxtlarda tez-tez üz tutduğu ünvanlardan birinin Gəncə Çini Qablar Zavodu olduğunu yaxşı xatırlayırlar. Onun bura hər gəlişi yeni bir dekorativ-tətbiqi sənət nümunəsinin yaranması ilə nəticələnərdi. Bu gün neçə-neçə tanışının mənzilini rəssamın hazırladığı dekorativ nimçələr, güldanlar və s. əşyalar bəzəyir. Bu bədii məişət əşyaları forma-biçim aydınlığı və rəng lakonikliyi ilə diqqət çəkir, desək, yanılmarıq...

Görkəmli səhnə ustasının rənglər dünyasına bu qısa səyahətimiz göstərir ki, ərsəyə gətirilən sənət nümunələri danılmaz bədiiliyi ilə yanaşı, həm də tarixi əhəmiyyət daşıyır. Odur ki, onların bir qisminin C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində və yaxud Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında nümayiş etdirilməsi sənətkarın xatirəsinə ehtiramın nümayişi olardı...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor