“Avişai Kohen trio”nun konserti

 

Dekabrın 6-da Heydər Əliyev Mərkəzində “Avişai Kohen trio”nun konserti keçirilib. Caz həvəskarlarını  bir araya toplayan konsertdə Avişai Kohen (kontrabas), Elçin Şirinov (piano), Roni Kaspi (baraban) çıxış edib.

İsraildə doğulan, ABŞ-da fəaliyyət göstərən müğənni və bəstəkar Avişai Kohen son 20 ildə dünyanın ən yaxşı bas ifaçılarından biri kimi tanınsa da, ona daha çox yaratdığı musiqi əsərləri şöhrət qazandırıb.

“Avişai Kohen trio”nun Bakı konsertində yeni “Arvoles” albomundan kompozisiyalar təqdim edilib.

Avişai Kohenlə birlikdə səhnəni bölüşən azərbaycanlı pianoçu və bəstəkar Elçin Şirinov son 3 ildə onunla sıx əməkdaşlıq edir. Elçin Şirinov “Avişai Kohen trio”nun yeni albomunun yaranmasında fəal iştirak edib.

Trionun digər iştirakçısı isə İsraildə dünyaya gələn, hazırda ABŞ-da yaşayan baraban ifaçısı Roni Kaspidir.